Azərbaycan cüdoçusu: Adamyan bu dəfə revanş götürmək istəyirdi

Azərbaycan cüdoçusu: Adamyan bu dəfə revanş götürmək istəyirdi

  • 23 Oktyabr 2017, 16:42

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyindən qayıdan Azərbaycan cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıblar.

Sportlife.az xəbər verir ki, qızıl medalçı, 100 kq çəki dərəcində mübarizə aparan Zelim Kotsoyev yaxşı çıxış etdikləri üçün sevindiyini ifadə edib.

O, finalda Rusiyanı təmsil edən erməni əsilli Armen Adamyanı məğlub etməsindən söz açıb: “Yaxşı hazırlaşmışdıq, nəticə də yaxşıdır. Məşqçilərimizə, həkimlərə və federasiyamıza minnətdarlığımı bildirirəm.

Təlim-məşq toplanışlarına getməyə şərait yaradırlar və nailiyyətlərimizi get-gedə artırırıq. Final görüşü çətin idi, lakin mən çox səy göstərdim. Bu, prinsipial görüş idi, uduzmaq olmazdı. Çıxdım və qalib gəldim. Erməniyə uduzacağımı təsəvvür belə etmirdim.

Yalnız qələbə üçün çıxmışdım. Avropa çempionatının finalında da bu rəqiblə qarşılaşmış və qalib gəlmişdim. Adamyan bu dəfə revanş götürmək istəyirdi. Yaxşı kökləndim və qələbə qazandım. Komandamıza “çox sağ ol” deyirəm”.

83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) ilə Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb.


Paylaş: