Azərbaycan futbolunda böhranı (ha)kimlər yaradır?
Azərbaycan Premyer Liqasının səviyyəsi son illərdə müəyyən qədər artmaqdadır. Oyun keyfiyyəti və rəqabət əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər artıb. Lakin bütün bu müsbət tendensiyalar fonunda bir məsələ - hakimlik səviyyəsi hələ də ciddi narazılıq doğurur. Hər turda Premyer Liqa matçlarında baş verən mübahisəli epizodlar, səhv qərarlar və oyunun axıcılığını pozan idarəçilik bu sahədə problemlərin davam etdiyini göstərir.
Artıq neçə mövsümdür problemlər, şikayətlər azalmaq əvəzinə çoxalır. Bir neçə mövsüm əvvəl gətirilən VAR sistemi ədalətin bərpası baxımından böyük ümidlər yaratmışdı. Lakin görünən odur ki, VAR olsa da, səhvlər və problemli məsələlər azalmayıb. Bəzi hallarda texnologiyanın tətbiqi zamanı uzun fasilələr yaranır, bəzən isə aydın epizodlarda belə düzgün qərar qəbul edilmir.
Bu problem texnologiyada deyil, onu idarə edən insan faktorundadır. Hakimlərin qeyri-müəyyənliyi, təcrübə çatışmazlığı və qərar verməkdə tərəddüdü bəzən VAR-ın məqsədini də kölgəyə salır.
Azərbaycan futbolunda ən çox müzakirə olunan məqamlardan biri də oyunların tez-tez dayanması və tempin itməsidir. Premyer Liqa matçlarında futbolçuların yüngül toqquşmadan sonra yerə yıxılması və dərhal oyunun dayandırılması adi hala çevrilib. Bu, təkcə çempionatın səviyyəsinə deyil, klubların avrokubok və milli komandaların beynəlxalq oyunlarına da təsir edir. Azərbaycanlı hakimlərin yerli çempionatda qeydə aldığı bəzi qayda pozuntuları onların Avropadakı həmkarları tərəfindən ümumiyyətlə qeydə alınmır. Yerli hakimlərimiz oyunun sürətli keçməsindən, mübarizənin gərginliyindən çox tez narahat olurlar. Bunun səbəbi ya özünə, biliyinə və ya bacarıqlarına güvənməmək, ya da açıq tapşırıqdır. Çünki bunun başqa izahı yoxdur. Ədalət təmsilçisi niyə ölkə futboluna qənim olsun ki?
Yuxarıda sadaladığımız faktorlar futbolçulara, klublarımıza və milli komandalara çox ciddi şəkildə təsir edir. Topun oyunda qalma müddətinin az olması, hər foula görə matçın dayandırılması beynəlxalq görüşlərdəki mübarizəyə açıq şəkildə təsir edir. Bu vəziyyət məşqçiləri də narahat edir. Çünki ölkə futbolunda sürətli futbolun, mübarizənin, topun daha çox meydanda qalmasının tərəfdarı olan komandalar da var. “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi” kimi komandalar sürətli oyuna üstünlük verirlərsə, oxşar fikirdə olmayan Premyer Liqa iştirakçıları da var. Bu, oyunlar zamanı açıq-aşkar hiss olunur. Rəqabətdən qorxan futbolçular vaxtın boş yerə keçməsi üçün əllərindən gələni edirlər. Hakimlər də sanki qərarları ilə onları dəstəkləyir. Nəticədə daha da geri gedirik.
Bu vəziyyətdən dilə gələn mütəxəssislərin sayı kifayət qədərdir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son açıqlamasında hakimlərin bu məsələyə diqqət etmədiyini vurğulayıb:
“Bəzi oyunlarda bizə elə də asan olmur, çünki matç çox dayandırılır. Ümumiyyətlə, hakimlər kimlə oynadığımızdan asılı olmayaraq, oyunlara daha diqqətli yanaşsınlar. Hər oyunçu yıxılan kimi həkimlər gəlir, vaxt gedir. Gərək buna hakimlər də nəzarət etsinlər, belə olmaz. Biz istəyirik ki, Avropayla ayaqlaşaq, lakin bu, alınmır. Oyunun bir anda tempi dəyişir. Bu çempionatı ona uyğunlaşdırmaq lazımdır”.
Qurbanovun sözləri təsadüfi deyil. Avropa səviyyəsində sürətli oyuna öyrəşməyə çalışan “Qarabağ” kimi komandalar yerli çempionatda bu tempi tapa bilmir. Bu da klublarımızın beynəlxalq arenada daha çevik və templi rəqiblərlə mübarizəsini çətinləşdirir. Nəticədə ağır fəsadlara yol açır. Futbolçular zədələnir, nəticələr pisləşir və inkişafın qarşısı alınır.
Son mövsümlərdə Azərbaycan Premyer Liqası həm oyun keyfiyyəti, həm də maraq baxımından inkişaf mərhələsindədir. “Qarabağ”, “Zirə”, “Sabah”, “Neftçi” kimi komandaların çıxışı, iştirakçı sayının artması futbola olan marağı az da olsa yüksəldib. Amma hakimlikdəki zəiflik bu inkişafın qarşısında əsas baryer kimi qalır. Bəzi matçlarda səhv penaltilər, haqsız ofsayd qərarları və düzgün verilməyən qırmızı kartlar nəticəyə birbaşa təsir göstərir. Bu da həm klubların, həm azarkeşlərin, həm də futbol ictimaiyyətinin inamını sarsıdır.
Azərbaycan futbolunun inkişafı üçün infrastruktur, transfer siyasəti və gənclər proqramı qədər, hakimlik də yenilənməlidir. VAR texnologiyası təkbaşına ədaləti təmin edə bilməz. Məsuliyyətli, peşəkar, təzyiqə davamlı və prinsipial hakimlərin yetişdirilməsinə ehtiyac var. Əgər bu sahədə ciddi islahatlar aparılmasa, Qurban Qurbanovun da qeyd etdiyi kimi, “Avropaya uyğunlaşmaq” arzusu reallığa çevrilməyəcək.
Turqay