Qurban Qurbanov: "Nəriman özündə deyildi"
Azərbaycan Premyer Liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Azarkeşlərə təşəkkür edirəm, son 2 səfərdə yanımızda oldular. Futbolçulara təşəkkür edirəm, vacib qələbə qazandıq. İndi futboldan danışmaq bəlkə, düzgün olmaz. Bu gün xarakter önəmli idi. İlk hissədə “Şamaxı” bizdən daha aqressiv idi. Fasilədən sonra oyunu ələ ala bildik. Sonda da topa nəzarət edərək qalibiyyət qolunu vurduq. Vacib 3 xal idi. “Şamaxı”nı da təbrik edirəm. Ayxana uğurlar arzu edirəm. Yaxşı, mübariz komandası var.
– “İmişli” ilə matçda da meydanda əsas heyət olacaq?
– Hansısa dəyişikliklər ola bilər. Bu heyət bundan əvvəl oynamamışdı. İstirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Bəzi rotasiyalar edə bilərik. Həm Kadi qayıdır, həm də digər mövqelərdə bəzi dəyişikliklər ola bilər. Bəzi futbolçulardan narazıyam, istədiyim performansı göstərə bilmirlər. Müəyyən nüanslar var ki, düzgün, vaxtında etmək lazımdır. Qarşıda bir neçə günümüz var, nələrisə dəyişə bilərik. Hər komanda bizə fərqli yanaşır. İnanıram ki, sonda doğrusunu edəcəyik.
– Nəriman Axundzadənin gedişi haqda fikirləriniz nədir?
– Danışıqlar ciddi gedir. Sona yaxınlaşır, lakin bəzi məqamlar hələ tam dəqiqləşdirilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşdı ki, təklif var, getməyim və ya qalmağımla bağlı nə düşünürsünüz. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki… Çalışırıq ki, komandanı oyunlara yaxşı hazırlaya bilək.
– “Neftçi” ilə oyunun təxirəsalınma məsələsi nə yerdədir?
– Rəhbərlik səviyyəsində danışıqlar gedir. Bu haqda söhbət etməmişik.
– “İmişli” ilə səfər oyunu Qubada olacaq. Arenanın vəziyyəti pisdir. Stadion dəyişməklə bağlı müraciətiniz olub?
– Bir dəfə etdik, dəyişildi. İndi bilmirəm. Böyük ehtimalla, Qubada oynayacağıq.
– Bəhlulun komandada qalmağı nəylə bağlı oldu?
– Bir sıra detallar var idi. Bəhlulun tərəfində idim. Məncə, çox dərinə getməyək.
– Nərimanın getməsindən sonra transfer gözlənilir?
– Bizim üçün ürəkaçan deyil. Sadəcə Nərimanın son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son 2 ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki, onunçün yaxşı olsun. Son 2 ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik.
– Montiel bu gün qələbədə əsas pay sahibi oldu. Bəzi epizodlarda aqressiv idi…
– Futboldur, o da insandır. Bəzi epizodlarda narazılıqlarını bildirir. Məncə, qabarıq şəkildə nəsə etmir. Bu oyunlarda belə olmaq lazımdır.