Qurban Qurbanov: "O qədər problemlər var ki..."
"Cavab oyununa gedirik. İlk matçdakı nəticəyə görə bu oyun haqqında danışmaq asan deyil. Oyunu analiz etmək üçün bir neçə gün vaxtımız oldu. Deyiləcək çox söz yoxdur. İlk oyunda bizdən çox üstün oldular. Mübariz olmalıylq. Psixoloji zərbə alsaq da, pis hazırlaşmadıq. Çalışacağıq, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".
Sportlife.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl” (İngiltərə) ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- İlk matçın 2-ci hissəsində komanda daha yaxşı oynadı. Bu da sistem dəyişikliyi ilə bağlı idi. Gələcəkdə belə dəyişiklik etmək fikriniz varmı?
- Hazırda belə bir fikrim yoxdur. İlk oyun bəlkə də rəqibin ən hazırlıqlı oyunlarından idi. Əvvəl düşünürdük ki, idman formalarında bir qədər eniş var. Amma son oyunda performansları çox yaxşı idi. Sadəcə, erkən qol gördük, nokauta düşdük. 2-ci hissədəki sistemə nadir hallarda əl atmışam. İrəlilədikcə rəqiblərin səviyyəsi daha da artır. Öz oyun sistemimizlə davam edirik. Amma ümumən 5-4-1 məni cəlb edən sistemlərdən biridir.
- Məşqi və mətbuat konfransını nə yaxşı Bakıda etmək qərarına gəldiniz?
- Belə hallar bizdə olub. Mənə bu oyundan sonra Bakıda bərpaya daha çox vaxt lazım idi. Biz 2 gün əvvəl getsəydik, məşq planımız tamam pozulurdu. Belə addım atdıq ki, hazırlığımız istənilən səviyyədə olsun. Hər bir halda futbolçuları psixoloji təzyiqdən azad etmək üçün belə addım atdıq.
- Hazırda müdafiənin mərkəzində sıxıntılar var. Bəhlul Mustafazadənin zədələnməsindən sonra Sami Mmae də əvəzedici heyətə göndərilib. O, niyə ümidləri doğrultmadı?
- Mərkəz müdafiəçisi kimi, ola bilər, düşündüyümüzü ala bilmədik. Bu oyunda hazır olanları meydanda görə bilərik.
- Sami Mmae niyə əvəzedici heyətə göndərilib?
- Əvəzedicilərə göndərilməsinin səbəbi idman prinsiplərini pozmasıdır. Bəzi şeyləri çox da açıqlamağa ehtiyac yoxdur. Bəlkə də belə hallarla ən az rastlaşan bizik.
- “Nyukasl”la matçda Toral Bayramovun gülməsi müzakirələrə səbəb oldu. Onunla bağlı hər hansısa tədir görüləcəkmi?
- Toralın gülməsinə bəlkə də həmin epizoda qədər hansısa vəziyyət səbəb olmuşdu. Bəli, fikirlərimi bildirdim. Çox da dərinə getməyə ehtiyac yoxdur. Kimə necə irad bildirmək lazımdırsa, ən yaxşı şəkildə bildirdik.
- “Nyukasl”la matçın nəticəsindən sonra “Neftçi” ilə görüşün təxirə salınması yenidən müzakirə olundu. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı...
- Hazırda “Neftçi” ilə oyunun təxirə salınması çox da müzakirə olunası mövzu deyil. Bir daha “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu, qrafikimizə görə atılan addım idi. Rəqibimiz, səviyyəsi bəlli idi. Biz bu oyuna hazırlaşmaq üçün, səfəri düşünərək belə seçim etdik. Məncə, bizi başa düşmək lazımdlır. Hazırda bizim hazırlığımız onlarla bir tutulası deyil. Çünki illərdir bu yolu keçirlər. Əvvəlcədən, ilin başlanğıcında deyilir ki, pley-off oyunlarına görə təxirəsalınma ola bilər. “Neftçi” və digər klublarla həmişə bir-birimizi anlamışıq.
- Sizin Quba Olimpiya İdman Komlpeksinin stadionunun vəziyyətindən şikayətlənmənizdən sonra Ayxan Abbasov da qapıların normadan 11 sm hündür olduğunu deyib...
- Ayxan maraqlı açıqlama verib. "No comment" (gülür).
- Bəhlul Mustafazadənin psixoloji vəziyyəti hazırda necədir?
- Bəhlulun vəziyyəti yaxşı deyil. Tək o yox, hamımız üzgünük. Bəhlul yaxşı mövsüm keçirdi. Çox yüklənmişdi. Həm bizdə, həm milli komandada yaxşı oyunlar keçirdi. Uğurlar arzu edirəm. Belə oyunlarda, belə zədələr qaçılmazdır.
- Növbəti mövsümdə bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır?
- Düzü, hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır. Xeyli transfer etmək istəyirik.
- Demək olarmı ki, beyninizin dərinliyində "Sabah"la növbəti matçı düşünürsünüz?
- Hazırda fikrimdə ancaq “Nyukasl”dır. Orada yaxşı nəticə göstərməyimiz, hazırkı vəziyyətdə real görünmür. Amma bu turnirdən həzz almalıyıq. Bu cür komandalara qarşı oynamaq böyük məsuliyyətdir. Bu gün İngiltərə Premyer Liqası və Avropa futbolu olaraq 2 bölgü var. Premyer Liqanın 6 komandası pley-off mərhələsindədir. Onların imkanları hamıya məlumdur. Biz bilirik hara gedirik. İstənilən halda cəsarətli olmalıyıq. Bugünkü uğura yıxıla-yıxıla, çəkinmədən gəlmişik. Bakıya döndükdən sonra çempionat oyunu barədə düşünəcəyik. Bir insan, bir kollektiv müəyyən səviyyəyə qalxa bilər, amma orada qalmaq çətindir. Bu oyunlarda hiss etdik ki, gözləntilər artır. Baxmayaraq ki, bizim çox böyük qələbələrimiz var. Hansısa oyunda məğlub olurduq, deyirdilər, niyə filan komandaya qalib gəlmədilər. Gözləntilər normal olaraq artır. Bu, futboldur. Bizə dayanmaq, işimizdən qalmaq olmaz. Biz bunlara daha pozitiv baxmalıyıq ki, əldə etdiklərimizi qoruyub saxlayaq.