Tarixi hədəfə doğru: “Qarabağ”ın pley-off şansı nə qədərdir?
UEFA Çempionlar Liqasının yeni formatlı Liqa mərhələsi “Qarabağ” üçün həm çətin, həm də tarixi fürsətlərlə dolu bir sınaq meydanına çevrilib. Komanda oynanılan 5 turun ardınca turnir cədvəlindəki yerini qorumaq uğrunda mübarizəni davam etdirir. Məqsəd bəllidir – ilk 24 komanda arasına daxil olmaq və pley-off mərhələsinə vəsiqə qazanmaq.
19-cu sıra qərarlaşan və 7 xalı olan “Qarabağ” pley-off zonasında yer almağa davam edir. 5-ci turda “Napoli”yə məğlubiyyət (0:2) qazanılan xalların sayını dəyişməsə də, 4 pillə geriləməyə səbəb olub. Lakin bununla ümidimiz azalmır.
7 xal - Liqa mərhələsinin bu kritik mərhələsində “Qarabağ”a böyük bir nəfəslik verir. 36 komandanın iştirak etdiyi bu sistemdə, 9-24-cü yerlər pley-off (1/16 final) mərhələsinə keçid deməkdir. “İlk 8-liy”ə düşmək şansı elə də real deyil. Çünki yüksək pillələrdə qərarlaşan komandalar xallarını xeyli artırıblar. Şanslar da onların xeyrinədir. Ağdam təmsilçisinin artıq 7 xalı olması, onu 25-ci yerdən aşağıda qərarlaşan, xüsusilə 1-4 xala malik komandalardan əhəmiyyətli dərəcədə ayırır.
“Qarabağ”ı qarşıda avrokubok taleyini müəyyənləşdirəcək üç həlledici qarşılaşma gözləyir. Təmsilçimiz müvafiq olaraq “Ayaks” və “Ayntraxt”ı qəbul edəcək, son turda isə “Liverpul”un qonağı olacaq. Bu üç oyundan qazanılacaq xallar pleyd-off üçün kritik əhəmiyyət daşıyır.
Mövsümün statistika və dinamikası göstərir ki, 8 turun sonunda 8-10 xal intervalı komandanı “ilk 24-lük”də saxlamaq üçün yetərli ola bilər. Əgər rəqiblərin nəticələri əlverişsiz olsa, daha etibarlı vəsiqə üçün ən azı 10 xal toplanmalıdır. 7 xalı olan “köhlən atlar”ın sonrakı 3 oyunda bir qələbə (3 xal) qazanması və ya iki heç-heçə (2 xal) etməsi vəziyyəti müsbət şəkildə yaxşılaşdıracaq. Xüsusilə “Ayaks” və “Ayntraxt”la ev oyunları bu baxımdan qızıl şansdır.
Qurban Qurbanovun rəhbərik etdiyi komandanın hazırda qərarlaşdığı 19-cu pillə ondan aşağıdakı komandaların vəziyyətinə qarşı müəyyən bir təhlükəsizlik, üstünlük yaradır. 25-ci yerdən aşağıda qərarlaşan komandaların bir çoxu artıq turnir ilə vidalaşmaq təhlükəsi altındadır. Onların “Qarabağ”ı keçməsi üçün son turlarda 3, 4, hətta 6 xal fərqini bağlaması tələb olunur ki, bu da son dərəcə çətindir.
“Qarabağ”dan aşağıda qərarı ən azı 10-12 komandanın son turlarda daha az xal toplaması və ya ümumiyyətlə qazanmaması ehtimalı yüksəkdir. Bu isə birbaşa “Qarabağ”ın xeyrinə işləyən bir ssenaridir. Komanda özü minimal xallar belə toplasa, rəqiblərin büdrəməsi sayəsində mövqeyini qoruya bilər.
Mövcud turnir vəziyyəti və qazanılmış xal ehtiyatı nəzərə alınmaqla, “Qarabağ”ın pley-offa yüksəlmə şansı olduqca real və yüksək qiymətləndirilir. Komanda həlledici anlarda öz gücünü nümayiş etdirməyi bacarmalıdır. “Ayaks” və “Ayntraxt” kimi rəqiblərlə evdə keçiriləcək oyunlardan qazanılacaq bir qələbə və bir heç-heçə avtomatik olaraq 10-11 xal həddini keçməyə imkan verəcək. Bu isə Liqa mərhələsində “ilk 24” komanda arasına düşmək üçün demək olar ki, təminatlı nəticə sayılır.
“Qarabağ” Avropa futbolunun bu yeni formatında Azərbaycanı təmsil edən ilk komanda kimi pley-offa vəsiqə qazanmaqla tarixi bir uğura imza atmağa çox yaxındır. Növbəti 3 turda hər bir xal qızıl dəyərində olacaq.
Turqay