Tənqid və əməkdaşlıq haqda
Bir çox sahədə belə bir yanlış təsəvvür formalaşıb ki, media ilə əməkdaşlıq qarşılığında edilən ödəniş KİV-in üzərində susmaq öhdəliyi yaradır. Sanki “əməkdaşlıq” sözündə görünməz bir “təslimiyyət” maddəsi var. Halbuki peşəkar media heç vaxt öz prinsiplərini pozmayıb.
Media ilə əməkdaşlıq hər hansı qurumun, klubun və ya şəxsin fəaliyyətini doğru və aydın şəkildə ictimaiyyətə çatdırmaq üçündür. Bu, tənqidin qarşısını almaq vasitəsi deyil. Münasibətlər o zaman sağlam olur ki, KİV həm əməkdaşlıq edə, həm də obyektiv tənqidini ortaya qoya bilsin.
Niyə media ilə əməkdaşlıq edilməlidir?
Çünki sağlam əməkdaşlıq qurumu/klubu böyüdür, tanıdır, şəffaflaşdırır, onun fəaliyyətini cəmiyyətə doğru şəkildə çatdırır. Media güzgüdür: yaxşı tərəfləri göstərir, çatışmazlıqları üzə çıxarır. Amma media ilə əməkdaşlıq tənqiddən azad etmir.
Əməkdaşlıq varsa, media niyə tənqid etməlidir?
Çünki peşəkar media üçün əməkdaşlıq bir sərhəd deyil. Çünki ödəniş həqiqəti dəyişmir. Çünki peşəkar media heç bir məsələdə “susmaq müqabilində əməkdaşlıq” anlayışını qəbul etməz.
Bir qurumun/klubun gücü onun özünü tənqiddən qorumasında deyil, tənqidi qəbul etmək cəsarətindədir. Əməkdaşlıq bir pəncərədirsə, tənqid o pəncərədən daxil olan təmiz havadır...
Ödəniş müqabilində göstərilən media xidmətləri KİV-i susmağa məcbur etmir. Jurnalistin dəyərini itirən ən təhlükəli məqam onun “susmaq öhdəliyi”ni qəbul etməsidir. Tənqid etmək münasibətləri pozmaq deyil, məsuliyyəti xatırlatmaqdır. Susmaq münasibətləri qorumaq yox, ictimai etimadı itirməkdir. Əgər media əməkdaşlıq xətrinə səhvi deməyəcəksə, kim deyəcək?
Tənqid düşmən olmaq, qərəzli olmaq deyil, münasibətləri pozmaq da deyil. Tənqid qarşı tərəfin daha da yaxşı olmaq istəyidir. Əməkdaşlıq isə qarşılıqlı faydalanmağın formasıdır. Bunların bir-birinə zidd kimi təqdim edilməsi yalnız medianı zəiflətmək, onu dekorativ bir vasitəyə çevirmək cəhdidir.
Peşəkar jurnalist üçün əsas məsələ münasibətlərin forması deyil, informasiyanın keyfiyyətidir. Həm əməkdaşlıq edib, həm də səhvləri göstərmək mümkündür və bu, normaldır. Hətta vacibdir.
Mətbuatın gücü onun susmamasındadır. Peşəkar media münasibətlər qurur, amma prinsipləri satmır...
Mirələm HƏSƏNLİ