Azərbaycan futbolunun dərin çatları - TƏHLİL

  • 18 Noyabr 2025, 18:35

Azərbaycan futbolunun dərin çatları ortada ikən diqqətlərin yenə milli komandanın ətrafında cəmlənməsi problemi aradan qaldırmayacaq. Bu, illərlə davam edən yanaşmanın inersiyasıdır. AFFA rəhbərliyi bunu yaxşı anlamalıdır. Yeni rəhbərlik əvvəlkilərdən fərqlənmək, son illərin sərt tənqidləri fonunda bu ağır işdən uzüağ çıxmaq istəyirsə, milli komandanın ətrafında fırlanan süni gündəmi bağlayıb, futbolun əsas təməl problemlərinə üz çevirməlidir.

Baş məşqçi dəyişikliyinin AFFA üçün praktik nəticəsi nə olacaq? Millinin hazırkı səviyyəsində bu dəyişiklikdən əldə edilə biləcək maksimal fayda nə ola bilər? Tarixi təcrübə də, mövcud real vəziyyət də deyir ki, baş məşqçi dəyişiklikləri yalnız “kosmetik təmir” effekti yaradır. Cahangir Fərəcullayevin özü də etiraf edir ki, ölkə futbolu üçün sadə rəngləmə, səth düzəlişi deyil, dərin struktur dəyişiklikləri lazımdır.

Ayxan Abbasovun millidə saxlanılması həm məntiqə uyğundur, həm də motivasiya baxımından effektivdir. Çünki son oyunlarda da göründü ki, yerli məşqçilər məsuliyyət hissini daha kəskin yaşayırlar. Lakin Ayxan Abbasovun davam etməsi belə, AFFA-nın futbolun təməl problemlərinə enmədiyi halda heç nəyi dəyişməyəcək.

Azərbaycan futbolunun əsas boşluğu A milli deyil, aşağı yaş qruplarında, uşaq futbolunda və liqaların təşkilindədir. Bu sahələr bərbad vəziyyətdə qaldıqca, milli komandanın başına kim gəlir-gəlsin, sistem dəyişməyəcək. AFFA diqqətini məhz bu istiqamətə yönəltməlidir: keyfiyyətli uşaq liqaları, real inkişaf proqramları, müasir məşqçi hazırlığı və nəhayət, uzunmüddətli futbol fəlsəfəsi.

Ən önəmlisi: AFFA rəhbərliyi müsbət istiqamətdə real hərəkətə keçəcəkmi, yoxsa yenə də yalnız səthi dəyişikliklərlə kifayətlənəcək? Uğur məhz bu suallara veriləcək cavablardan asılı olacaq.

Mirələm HƏSƏNLİ 


Paylaş: