Azarkeş qiyafəsinə girmiş icraçılar

Azarkeş qiyafəsinə girmiş icraçılar

  • 4 May 2023, 17:12

“Kəpəz” Premyer Liqanın son turunda “Sumqayıt”la matçda azarkeşlərin meydançaya kənar əşya atması və kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsinə görə AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələndi. Qərb təmsilçisinə İntizam Məcəlləsinin 41.7 və  51.1 maddələrinə əsasən ümumilikdə 5600 manat pul cəzası kəsildi.

Premyer Liqanın 25-ci turunda “Sabah”la oyunda da “Kəpəz”in azarkeşləri tərəfindən oyunun hakimləri kütləvi təhqir edilmiş, klub 4000 manat cəzalandırılmışdı.

Bu hadisə Azərbaycan kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”la oyunda da baş vermişdi. Azarkeşlər tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Kəpəz” 4000 manat cərimə edilmişdi. 

Əvvəla söyüş və təhqirdən təzyiq vasitəsi kimi istifadə etmək effektiv yol deyil. Etiraz və tənqid azarkeşin haqqıdır, lakin etik çərçivəni aşmaq olmaz. Ancaq futbol emosional idman növü olduğu üçün, bəzi anlarda kontroldan çıxan azarkeşin istəmədən təhqirə keçməsinin şahidi oluruq. Ancaq nəzər yetirin, verilən cəzalarda qeyri-etik ifadələrin kütləvi şəkildə səsləndirildiyi qeyd olunur. Bu hal son 4 ay ərzində 3-cü dəfədir təkrar olunur və Gəncə təmsilçisi yüksək məbləğlərdə cərimələrə məruz qalır. Görəsən, Niyə?

Müəyyən araşdırmalardan sonra bəlli oldu ki, analoji hal bütün azarkeşlər və fan klublar tərəfindən deyil, bir qrup "azarkeş" tərəfindən bilərəkdən, kluba ziyan vurmaq məqsədi ilə təkrar edilir. Sayları o qədər də çox olmayan qrup üzvləri azarkeş qiyafəsində tribunalarda sifariş yerinə yetirirlər. Bəlkə də, həmin şəxslər öz əməllərini haqlı hesab edir, özlərini qulaqlarına oxunan nağılların gerçəkliyinə inandırırlar. Ancaq kim(lər)insə çirkin “oyun” ssenarisində rol alıb alətə çevrilmək əzəldən yaxşı peşə sayılmır.   

4 ildən sonra yenidən elitaya qayıdan qərb təmsilçisi onsuz da birtəhər kasad büdcə ilə ayaqda durmağa, Premyer Liqada qalmağa çalışır. Belə bir vaxtda min bir hiylə ilə kluba zərbə vuran, lazımız xərclərə sürükləyən, gözdən salmaq istəyən şəxsləri əsl “Kəpəz” azarkeşlərinin özləri linç etməlidir.

Ümid edirik ki, “sifarişçi” tərəf də bu yazıdan öz payını götürər. Hələlik ad çəkməyə ehtiyac duymuruq...

Mirələm Həsənli


Paylaş: