Qarabag Londona niye fotoqrafsiz gedib?

Qarabağ Londona niyə fotoqrafsız gedib?

  • 15 Sentyabr 2017, 19:00

“Qarabağ” çoxdan gözlədiyimiz debütü gerçəkləşdirdi. Axır ki biz də Çempionlar Liqasının nə demək olduğunu əyani surətdə gördük. Düzdü, pley-off mərhələsində də o möhtəşəm ÇL himnini eşitmişdik. Ancaq qrupun yeri ayrıdı. Hərçənd “Stemford Bric”dəki qarşılaşma göstərdi ki, elit turnirin səviyyəsi tam başqadı. Bizim hələ o səviyyəyə çatmağımıza illər var. Təəssüf ki, hələ ÇL-in qrup mərhələsinin ab-havasını biz jurnalistlər görməmişik. Çünki Londona heç bir mətbuat nümayəndəsi ezam olunmamışdı. Bu üzdən orda nələrin yaşandığını, təşkilatçılıq məsələlərinin detallarını və bizi maraqlandıran başqa məqamları öyrənmək üçün “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla danışmağı lazım bildik.
- “Qarabağ” ardıcıl 3 il Avroliqanın qrup mərhələsində iştirak etsə də, “Çelsi” ilə oyun Çempionlar Liqasında debüt idi. Londonda nə gördüz, təşkilatçılıqla bağlı hansı yeniliklərə şahidlik etdiz? 
- Əslində biz artıq “Kopenhagen”lə matçlarda Çempionlar Liqasının ab-havası ilə tanış olduq. Pley-offla qrup oyunları arasında elə də çox böyük fərq yoxdu. Demək olar ki, eyni tələblər, eyni şərtlərdi. Sadəcə, mən “Stemford Bric” və ingilis azarkeşlərlə bağlı fikirlərimi bölüşə bilərəm. “Çelsi”nin ev oyunlarını keçirdiyi 42 min azarkeş tutumuna malik arena qədim olsa da, çox rahatdı. Stadion London bələdiyyəsinin balansında olduğundan klub rəhbərliyi arenaya “əl gəzdirə” bilmir. Bundan başqa, “Çelsi” azarkeşləri mövsümün əvvəlindən abonoment biletlər əldə etdiyindən tribunalar daim dolu olur. Çox maraqlıdı ki, bu gün də belə biletlər əldə etmək istəyində olan yetərincə tərəfdar var. Kimlərsə abonomenti qaytarmaq istəyərsə, alıcısı o saat tapılır. Onu da bildirim ki, oyunlara gələn ingilis jurnalistlərin akkreditasiyası olmur. Onlar matçdan öncə stadiona gələrək mətbuat konfransı otağına daxil olaraq lazımi sənədi əldə edir, bundan sonra media tribunsına qalxaraq öz yerlərini tuturlar. Ümumi götürəndə arena qədim olsa da, stadiona giriş-çıxış çox rahat idi. Binaların əhatəsində olmasına baxmayaraq, tərəfdar istər matça gələndə, istərsə də stadionu tərk edəndə heç bir problemlə üzləşmir ki, bu da təşkilatçılığın yüksək səviyyədə olmasından xəbər verir.
- Matçı izləyənlər arasında azərbaycanlı azarkeşləri görmək mümkün idi. Onların hamısı Londonda yaşayan azərbaycanlılar idi, yoxsa, başqa Avropa ölkələrdən də gələnlər var idi?
- ÇL-in yazılmamış qanunları var. Onlardan biri də qonaq komandanın azarkeşləri ilə bağlıdı. Ev sahibi olan komanda rəqib azarkeşlərə veriləcək biletləri qonaq komandanın özünə verir ki, sonra təhlükəsizlik baxımından problem yaşanmasın. “Çelsi” rəsmiləri bizə 366 bilet vermişdi. Biz də bununla bağlı hələ Bakıda olarkən elan yaydıq. Kimin komandanı dəstəkləmək üçün Londona getmək niyyəti var idisə, kluba müraciət etməli idi. Həmin elandan sonra bizə müraciət edənlər oldu və beləcə həmin biletlər sahibini tapdı. Onu da bildirim ki, tələbat daha çox idi. Hətta bununla bağlı mətbuat konfransında suallar da oldu. Jurnalistlər azərbaycanlı azarkeşlərin üçrəngli bayraqlarla “silahlanmasını” xüsusi qabardaraq “Qarabağ”ı Azərbaycan millisi kimi dəyərləndirmək olarmı” sualını ünvanladılar. Bir məqama xüsusi toxunmağı lazım bilirəm. Belə ki, istər mətbuat konfransında, istərsə də biz orda oldumuz müddətdə İngiltərənin əksər aparıcı nəşrlərinin nümayəndələri – onların sayı 70-dən çox idi - TV və radioları Qarabağ problemi ilə yaxından maraqlanır, bu yöndə suallara daha çox üstünlük verirdilər. Aralarında bir neçəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcəklərini, Qarabağ problemi ilə yaxından maraqlanacaqlarını söylədilər.
- Yakub Jezniçakın Londonda yaşayan polşalı gənci tərcüməçi kimi mətbuat konfransına dəvət etməsi nədən qaynaqlanır?
- Bizim klubda ingilis dilini yüksək səviyyədə bilən əməkdaşlar var. Jezniçakın fikirlərini ingilis dilinə tərcümə etmək çətin deyildi. Sadəcə, Yakub mətbuat konfransından öncə bizə yaxınlaşaraq “bir qədər sıxılıram. İngilis dilində o qədər də mükəmməl bilmirəm. Söylədiklərimi Polşada da oxuyacaqlar. Qorxuram polyak dilində səsləndirdiyim fikirlər səhv anlaşılar. Və bu üzdən xahiş edirəm, mümkünsə, bu missiyanı həmyerlim yerinə yetirsin” söylədi. Biz də onun bu istəyini anlayışla qarşıladıq. Burda qeyri-adi heç nə yoxdu. 
- Bu gün mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də “Qarabağ”ın Londona fotoqrafsız yollanmasıdı. ÇL-in qrupunda çıxış edən klubun buna imkanı çatmır?
- Bizim klubda fotoqraf ştatı yoxdu. Təbii ki, bunun olmaması xoş deyil. İngiltərəyə fotoqrafın aparılmamasına gəlincə, sənədləri qısa vaxtda hazırlamaq məcburiyyətində qaldıq. Bu üzdən fotoqrafa səfərə çıxmaq üçün lazımi sənəd hazırlaya bilmədik. Fikirləşmişdik ki, Londonda yerli fotoqraflardan biri ilə danışıb bu işi ona həvalə edək. Növbəti oyunlarda bu çatışmazlığı aradan qaldıracağıq.
- Jezniçak şəxsi vəsaiti hesabına Polşadan 15 əlil azarkeşin “Stemford Bric”ə səfərini təmin etdiyi halda, “Qarabağ”ın heç bir yerli jurnalisti Londona aparmaması da narazılıq doğurub. Belə çıxır ki, polyak futbolçu əlil həmyerlilərinə daha çox dəyər verir, nəinki “Qarabağ” klubu yerli qələm əhlinə.
- Bizə cəmi iki yerli jurnalist Londona getmək istəyi ilə bağlı müraciət etmişdi. Biz də onlara texniki məsələlərdə - viza alınmasında və başqa tələb olunan prosedur qaydalarında dəstək olacağımızı bildirmişdik. Əslində klubun hər oyuna jurnalist aparmaq öhdəliyi yoxdu. Ancaq biz də istərdik ki, media nümayəndələrimiz də “Çelsi” ilə matçı işıqlandıranlar arasında olsun. Təəssüf ki, iki komanda - həm əsas, həm də U-19 səfərə birgə çıxdığından təyyarədə yer də yox idi. Onu da bildirim ki, ilk oyunun Böyük Britaniyada olması viza ilə bağlı çətinliklər yaratmışdı. Orataya sual çıxa bilər ki, necə olur, komanda üzvlərinə, klub əməkdaşlarına viza alınır, ancaq jurnalistlərə yox? Biz sadəcə, əvvəlcədən işimizi ehtiyatlı tutaraq lazımi sənədləri hazırlamışdıq. 
- Əsas komandadan öncə 19 yaşa qədər komandalar arasında görüş keçirildi. Həmin oyun harda keçirildi, kimlər iştirak edirdi?
- U-19-la əsas komandanın məskunlaşdığı otellər yanaşı idi. Matçın keçirildiyi məkanla biz qaldığımız otel arasında təxminən birsaatlıq məsafə var idi. Zaman baxımından problem olmayacaqdı deyə komandanı meydana Rəşad Sadıqov çıxarmışdı. Matçı izləyənlər arasında “Çelsi”nin veteranları və müxtəlif yaş qrupları üzrə məşqçiləri var idi. ("Futbol plus" qəzeti)


Paylaş: