AGF-dən Məmmədəliyevə Fəxri Diplom

AGF-dən Məmmədəliyevə Fəxri Diplom

  • 19 Fevral 2018, 14:14

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan güləş məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Sportlife.az xəbər verir ki, yubiley xarakterli turnirdə Azərbaycan Güləş Federasiyası adından yunan-Roma güləşi üzrə yığma komandanın məşqçiləri Rövşən Bayramov və İlqar Abdulov, həmçinin Avropa çempionu Vitali Rəhimov da qonaq qismində iştirak edib.

Turnirin rəsmi açılış mərasimində çıxış edən İlqar Adbulov Azərbaycan Güləş Federasiyası prezidentinin və Azərbaycan güləş ictimaiyyətinin adından səbəbkarı təbrik edib, ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın diaspor fəaliyyətinin həyata keçirilməsində, Azərbaycan güləşçilərinin nailiyyətlərinin təbliğində uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə marağının artırılmasında əvəzsiz xidmətlərinə görə Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının Fəxri Diplomu ilə təltif olunub və ona xatirə hədiyyəsi təqdim edilib.

Məlumat üçün bildirək ki, Heydər Məmmədəliyev dəfələrlə Azərbaycan və Rusiya çempionu, Rusiya yığmasının tərkibində olimpiya mükafatçısı (2004) və dünya çempionu (2002) olub.


Paylaş: