Argentina millimizlə oyuna görə 2 milyon avro tələb edib

Argentina millimizlə oyuna görə 2 milyon avro tələb edib

  • 26 Oktyabr 2017, 10:00

AFFA-nın baş katibi Elxan Məmmədov Argentina yığmasının Azərbaycan millisi ilə yoxlama görüşü keçirmək təklifindən imtina edilməsi ilə bağlı fikirlərini bölüşüb. 

Sportlife.az xəbər verir ki, o, azerisport.com-a açıqlamasında bunları söyləyib:

“Argentina yığmasının agentləri bizimlə əlaqə saxlayıb bildirdilər ki, Rusiya ilə oyundan əvvəl bizim milli ilə görüşmək istəyirlər. Onlar bu regiondan olan rəqiblərlə qarşılaşmaq arzusundaydılar. Amma vaxt azlığını, ÇL-də mübarizə aparan “Qarabağ”ın maraqlarını nəzərə alıb, bu təklifdən imtina etdik. Çünki Ağdam klubunun noyabr ayındakı qrafiki kifayət qədər sıxdı. Belə olan halda aparıcı futbolçuların zədə almaq riski də artır”.

Baş katib Argentina yığmasının bu oyun üçün nə qədər məbləğ tələb etdiyini də açıqlayıb: “Adətən, onlarla oyunlar iki milyon avro və daha yüksək məbləğə başa gəlir. Amma biz heç həmin söhbəti etmədik. Bizə edilən təklifdə də söhbət 2 milyon avrodan gedirdi. Amma biz heç məbləği aşağı salmağa cəhd də göstərmədik. Çünki bu oyunun keçirilməsində maraqlı deyildik. Bunun səbəblərindən ikisini artıq qeyd etdim. Bu, həm də kommersiya baxımından sərfəli deyildi. Təşkilati işlər üçün də çox az vaxt vardı”.

Bəs görəsən Argentina yığması ilə qarşılaşma baş tutsaydı, Azərbaycan tərəfi bundan nə qədər gəlir götürə bilərdi? Məmmədov buna belə aydınlıq gətirib: “Kifayət qədər vaxtımız olsaydı, qazanc əldə etmək olardı. Amma belə qısa zaman kəsiyində qətiyyən sərfəli deyildi. Qısa vaxta nə teleyayımdan, nə də bilet satışından gəlir əldə etmək mümkün idi”.

AFFA rəsmisi millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı yaranan vəziyyətə də toxunub: “Ayın sonunadək o, buraya gələcək. O zaman gələcək əməkdaşlıqla bağlı müzakirələr aparacağıq”.


Paylaş: