Qarabag Azerbaycan futbol tarixinin en parlaq sehifesini yazmaga cox yaxindi, bas mesqcisi ve Qarabagin sabiq futbolcusu Vasif Haqverdiyev Sportlife.az saytina musahibesinde kecmis komandasinin Cempionlar Liqasinin

Qarabağ Azərbaycan futbol tarixinin ən parlaq səhifəsini yazmağa çox yaxındı

  • 15 Avqust 2017, 11:30

"Səbail"in U-19 komandasının baş məşqçisi və "Qarabağ"ın sabiq futbolçusu Vasif Haqverdiyev Sportlife.az saytına müsahibəsində keçmiş komandasının Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşmalardakı şanslarından, komandanın oyunundan danışıb.

 

- Sizcə, “Kopenhagen” “Qarabağ” üçün keçiləsi rəqib sayıla bilər?

- Düşünürəm ki, “Qarabağ” artıq Avropa səviyyəli komandadı və bu rəqibi keçmək iqtidarındadı. Danimarka futbolunda əvvəllər atletik futbola üstünlük verilirdisə, bugünkü gün vəziyyət bir qədər dəyişilib. Onlar artıq sintez edərək, həm topla yaxşı oyun göstərir, həm də fiziki futbola üstünlük verirlər. Bütün bunlara baxmayaraq “Qarabağ”ın “Kopenhagen”i keçəcək gücdə olduğunu düşünürəm. Sadəcə olaraq ilk oyunda yaxşı nəticə əldə etmək, ən azı evdə qol buraxmamaq lazımdı. “Qarabağ” Azərbaycan futbol tarixinin ən parlaq səhifəsini yazmağa çox yaxındı.   

- Sizcə, “Qarabağ”ın bu komanda ilə görüşlərdə şansları nə dərəcədə yüksəkdi?

- Şansların bərabər olduğunu hesab edirəm. Hər bir azərbaycanlı, bütün azarkeşlər bu komandaya inanmalı, dəstək olmalıdı. Azarkeşlərin dəstəyi komandanın gücünə güc qatacaq. Mən şəxsən “Qarabağ”ın keçmiş futbolçusu kimi komandamızın bu mərhələni keçəcəyinə inanıram və öz dəstəyimi də komandamdan əsirgəməyəcəm.

- İlk oyunun Bakıda keçirilməsi “Qarabağ”ın xeyrinədi?

- İlk oyunun harda keçirilməsindən çox, oyuna olan motivasiya daha əsasdı. Evdəki oyunda komandanı böyük azarkeş ordusu  dəstəkləməyə gələcək. Bu da futbolçuları daha da motivasiya edəcək. İnanıram ki, ev-səfər oyunu “Qarabağ” üçün fərq etməyəcək və hər iki oyunda qalib gələcək.

- Yeri gəlmişkən, “Qarabağ”ın “Şerif”lə oyunu barədə nə deyə bilərsiz?

- “Şerif”lə evdəki oyunda komandamız çətin anlar yaşamışdı. Bu da ondan xəbər verir ki, bu yarışda zəif komanda olmur, hamısı öz ölkələrinin çempionlarıdı. Bakıdakı oyunda  Moldova təmsilçisinin oyununu müdafiədən qurması və bir az da bəxt amili oyunun qolsuz bərabərliklə bitməsinə gətirib çıxarmışdı. Cavab görüşündə isə “Qarabağ” daha rahat oynadı, bunun nəticəsi kimi qalib gələrək pley-off mərhələsinə vəsiqə qazandı.

- “Neftçi”ylə keçirilən Premyer Liqanın açılış oyunu necə keçdi?

- Ümumiyyətlə bütün çempionatlarda ilk turun oyunları ağır keçir. “Neftçi” – “Qarabağ” oyunu həmişə derbi sayılıb, baxmayaraq ki, “Neftçi” hal-hazırda yaxşı günlərini yaşamır. Bu oyunda da “Qarabağ”ın bir çox oyunçusunu “Kopenhagen”lə oyuna görə qoruduğunu gördük. Amma məncə “Qarabağ”da hər bir futbolçu komandanın əsas oyunçusu hesab edilir. Bir daha sübüt olundu ki, bu komandada əsas və əvəzedici heyət anlayışı yoxdu. Oyuna buraxılan heyət gözəl oyun göstərdi və komanda ilk turu qələbə ilə başa vurdu. Düzdü “Neftçi” də onlara qarşı müqavimət göstərməyə çalışdı, amma yenə deyirəm, “Qarabağ” artıq Avropa səviyyəli komandası sayılır. Bu oyunda da ustalıq səviyyə öz sözünü dedi. “Neftçi” də yəqin ki, gələn turlarda öz oyununu düzəldər, ən azı “Qarabağ”a, “Qəbələ”yə layiqli rəqib olar.


Paylaş: