AVİF velosipedçilərlə polis arasındakı qalmaqalla bağlı daha bir bəyanat yaydı

AVİF velosipedçilərlə polis arasındakı qalmaqalla bağlı daha bir bəyanat yaydı

  • 21 Dekabr 2017, 15:34

Dekabrın 17-də, bazar günü Bakıda velosipedçilərin YPX əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı xəbər vermişdik. Sportlife.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti sözügedən qalmaqalla bağlı yeni məlumat yayıb.

Məlumatda bildiririlir ki, baş vermiş hadisə ilə əlaqədar AzVİF rəhbərliyinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova müraciətindən sonra məsələ dərhal həllini tapıb və velosipedlər sahiblərinə qaytarılıb.

DİN rəhbərliyinin göstərişi ilə aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, insident bir nəfər rəhbər vəzifəli polis əməkdaşının qanunsuz “özfəaliyyəti” nəticəsində baş verib. Məsələ ilə bağlı lazımi tədbirlər görülüb və müvafiq tapşırıqlar verilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, velosipedçilər yol hərəkətinin iştirakçılarıdır və onlar da bu Qanun çərçivəsində fəaliyyət göstərirlər. Qanunun 38-ci maddəsinin “Velosipedçilərin vəzifələri” hissəsində təsbit olunub ki, “Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidirlər.”

Qanunun 46-cı maddəsində isə göstərilir ki, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir.

Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 nəfərdən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrin ötməsinin asanlaşdırılması üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

Qanunun tələblərinə əməl edən velosipedçilərin hərəkəti üçün heç bir maneə yaradıla bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycan polisi son illər ölkəmizdə keçirilən çoxsaylı velosiped tədbirlərində, o cümlədən “Tour d`Azerbaidjan” və digər yarışlarda həmişə fəal iştirak edərək yarış iştirakçılarının təhlükəsizliyini təmin edib və bu zaman yüksək təşkilatçılıq nümunələri göstərib. Şübhə yoxdu ki, bundan sonra da belə olacaq.


Paylaş: