Bikalyo "Ayntraxt"la oyundan danışdı
UEFA Çempionlar Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan əvvəl “Qarabağ”ın futbolçusu Pedro Bikalyo jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Bu gün 20 yanvardır və ölkə üçün önəmli, kədərli gündür. 36 il əvvəl insanlar müstəqillik üçün küçələrə axışdılar, canlarını verdilər. Oyuna gəlincə, vacib görüşdür. Antalyada mini-hazırlıq keçdik. Bizim üçün önəmli idi. İnanır və ümid edirəm ki, sabahkı oyunda toplanışda işlədiklərimizi həyata keçirə bilərik.
– Bu oyunun əhəmiyyəti böyükdür. Karyeranız üçün hansı dərəcədə önəm daşıyır?
– Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Karyeramın ən önəmli oyunudur.
– Yenidən oyunun ən yaxşısı olmaq fikriniz var?
– Belə məqsədim yoxdur. Əsas komandanın qələbəsidir. Oyundan sonra kimin seçilməsi başqa məsələdir.
– Adınız fərqli komandalarla hallanırdı. Qurban müəllim də belə təkliflərə görə narazılıq bildirdi. “Ayntraxt”la oyunöncəsi belə xəbərlər sizə necə təsir etdi?
– Qətiyyətlə deyə bilərəm ki, oyuna köklənməyimə təsir etmir. Bu oyun karyeramın ən önəmli matçıdır. Tamamilə buna fokuslanmışıq. Digər məsələlər rəhbərliyin işidir.