Sərxan Hacıyev və illik sıfır
Daha bir ilin sonuna yaxınlaşırıq. AFFA 2025-ci ildə nə ilə yadda qaldı? Hansı islahatlar aparıldı, hansı sistemli addımlar atıldı, hansı uğurlar əldə olundu? Bu sualların cavabı üçün sorğu keçirsək, veriləcək cavablar aşağı-yuxarı belə olacaq: AFFA nə iş görüb ki?
AFFA-da bir post var ki, bu, federasiyada prezidentdən sonra ən yüksək icraedici vəzifə sayılır. Adı da çox iddialıdır - icraçı vitse-prezident. Bu vəzifədə Sərxan Hacıyev oturur...
İcraçı vitse-prezident qərarların praktiki həyata keçirilməsinə məsul şəxsdir. Bir növ federasiyanın CEO-su funksiyasını yerinə yetirir. Prezident daha çox siyasi və strateji xətti müəyyən edirsə, icraçı vitse-prezident işləri icra müstəvisində həyata keçirməlidir.
Vaxtilə Elxan Məmmədovun kölgəsində gizlənən Sərxan Hacıyev indi hansı kölgədədir, bilmirik. Ancaq yenə də gizlənib. Halbuki onun nəzarət etməli olduğu sahələr, departmentlər, layihələr və proqramlar az deyil. Hacıyev ilin sonunda belə yoxluqla xatırlanırsa, deməli problem var.
Belə söz-söhbətlər gəzir ki, AFFA-nın strukturunda möhkəm dəyişikliklər ediləcək. Əgər bu dəyişikliklər doğrudan da gündəmdədirsə, İcraiyyə Komitəsinin Sərxan Hacıyevin işinə ciddi baxması pis olmaz. Bu adam heç nə bacarmır və illərdir ki, AFFA-dan maaş alır. Heç bir fəaliyyəti ilə yadda qalmayan icraçı vitse-prezident Azərbaycan futboluna bundan sonra nə verə bilər?
Mirələm HƏSƏNLİ