Boban: "Qarabağ" pis oynamadı, sadəcə..."
“Napoli” bu mövsüm bəlkə də ilk dəfədir bu qədər kompakt oyun nümayiş etdirdi. Sürətli keçidlərlə “Qarabağ”ın işini çətinləşdirdilər.
Sportlife.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin və İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA Çempionlar Liqasının əsas mərhələsində “Napoli”nin İtaliyada “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldiyi matçı “Sky Sports”a şərh edərkən deyib.
Hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun prezidenti olan 57 yaşlı funksionerin sözlərinə görə, Azərbaycan təmsilçisi ümumilikdə yaxşı çıxış etsə də, neapollullar müdafiədə son dərəcə möhkəm və aqressiv oynayıblar: “Qarabağ” pis oyun göstərmədi, sadəcə İtaliya klubu çox yaxşı müdafiə olundu. Hücumlarda da aktiv idilər. Bu qarşılaşmada çox ciddi və tam konsentrasiya olunmuş “Napoli” gördüm”.
Keçmiş futbolçu xüsusilə “Napoli”nin hər iki qolunun müəllifi olan Skott MakTomineyin çıxışını yüksək qiymətləndirib: “O, həmişə fərq yarada bilən qeyri-adi futbolçudur. “Qarabağ”la matçda da qol vuraraq bunu sübut etdi”.