Dünya çempionu ilə danışıqlar gedir
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la üz-üzə gələcək Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Mario Götzenin müqavilə müddətinin uzadılması üçün danışıqları davam etdirir.
Sportlife.az insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 33 yaşlı vingerin daha bir mövsüm Bundesliqa təmsilçisində qalacağı gözlənilir.
Frankfurt klubunun idman direktoru Markus Kreşke hər iki tərəfin tərəfdaşlığı davam etdirmək istədiyini təsdiqləyib.
2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olan Mario Götze 2022-ci ildən "Ayntraxt"da çıxış edir. O, komandada 140 oyuna çıxıb, 12 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.