"Bakıya iddialı gəlmişik"
21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Luis Freyre Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Sportlife.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Bakıya iddialı gəldiklərini deyib.
Freyre yeganə istəklərinin qalibiyyət olduğunu söyləyib: "Müdafiə və hücum planında seçmə mərhələnin ən yaxşı komandasıyıq. Bu statistikanı davam etdirmək əzmindəyik. Azərbaycana uzun səfər və çətin oyundan sonra Şotlandiya ilə qarşılaşacağıq. Həmişə olduğu kimi, bu iki görüşdə də məqsədimiz yalnız qələbə qazanmaq olacaq. Azərbaycan müdafiədən oynayacaq və əsas silahı kimi əks-hücumlara güvənəcək. Evdə çıxış etmək rəqibə müəyyən üstünlük qazandıra bilər. Lakin bu, bizi narahat etmir. Buradan qalibiyyətlə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlayacaq. 5 oyunda 13 xal toplayaraq B qrupuna başçılıq edən Portuqaliya yığması 21 qol vurub, top buraxmayıb. Azərbaycan millisi isə 5 xalla 5-ci sıradadır.