Toşak ağır xəstəliyə tutulub
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Benjamin Toşak ağır xəstəliyə tutulub.
Sportlife.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə əfsanəvi uelsli mütəxəssisin oğlu Kamerun Toşak məlumat verib.
O bildirib ki, 77 yaşlı məşqçiyə “demensiya” diaqnozu qoyulub. Hazırda Tailandda məşqçi kimi fəaliyyət göstərən Kamerun Toşak atasının tez-tez yaddaşını itirdiyini bildirib: “Bu, dəhşətli xəstəlikdir. Əsasən qısamüddətli yaddaşa təsir edir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər. Yalnız “Liverpul”dakı günləri, “Real Sosyedad” və ya “Real”la bağlı xatirələrini soruşanda hiss edirəm ki, detalları heyrətamiz dərəcədə dəqiq yadında saxlayıb”.
Qeyd edək ki, “Liverpul”da 100-dən çox oyun keçirmiş, Uels millisinin heyətində 40 matçda iştirak etmiş Con Benjamin Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda, həmçinin Uels, Şimali Makedoniya yığmalarında fəaliyyət göstərib. Son klubu İranda “Traktor” olan Toşak 2013-cü ildə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik edib və komandaya Azərbaycan Superkubokunu qazandırıb.