Millinin əsas qapıçısı ola bilər
“Sabah”ın qapıçısı Stas Pokatilov yenidən Qazaxıstan millisinin aparıcı simasına çevrilə bilər.
Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin cari mövsümdəki performansı Qazaxıstan futbol ictimaiyyətinin diqqətini cəlb edib.
Sonuncu dəfə bu ilin yayında Belarusla yoldaşlıq görüşündə millinin heyətində meydana çıxan Pokatilovun yenidən yığmaya çağırılacağına şübhə edilmir. Mütəxəssislər indiki vəziyyətdə onu millinin “1 nömrəsi” hesab edirlər.
Təbii ki, hər şey yeni baş məşqçidən asılı olacaq. Qazaxıstan yığmasında isə baş məşqçi postu hazırda boşdur və bir neçə mütəxəssislə danışıq aparılır. Yeni baş məşqçinin martdakı toplanış zamanı Pokatilovu kənarda qoyması ehtimal edilmir. O, “Sabah”dakı uğurlu çıxışını davam etdirsə, həmin vaxt artıq yığmanın əsas qolkiperinə də çevriləcək.
Qeyd edək ki, Stas Pokatilov bu mövsüm Misli Premyer Liqasında meydana çıxdığı 16 oyunda ümumilikdə 9 qol buraxıb. Onun komandası “Sabah” hazırda 37 xalla turnir cədvəlinə başçılıq edir.