Azərbaycan Premyer Liqasının intizamsızları
Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsi geridə qalıb. Bununla komandalar 16 turdan sonra 1 aylıq fasiləyə yollanıb.
Çempionatın gedişi olduqca maraqlı alınır. Elə meydandakı mübarizə də. Mübarizənin sərtliyi rəqəmlərdə də özünü büruzə verir. Turnir cədvəlindəki rəqabət qədər, vərəqə statistikaları da klubların oyun fəlsəfəsini və futbolçuların emosional durumunu ortaya qoyur. Bəzi komandalar soyuqqanlılığı ilə seçildiyi halda, bəziləri üçün hakimin əlini cibinə atması artıq adət halını alıb.
Ən intizamsız futbolçular
Bu mövsümün ilk yarısında hakimləri ən çox işə salan adlar bəllidir. Sarı vərəqə kolleksiyası toplamaqda “Zirə” və “Sumqayıt” oyunçuları ön sıralardadır. Liqanın ən çox xəbərdarlıq alan oyunçuları Patrick Andrade, Ayron Qomis (hər ikisi “Zirə”) və Səbuhi Abdullazadədir (“Sumqayıt”) . Hər üç futbolçu 16 tur ərzində 6 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Xüsusilə Qomis həm də 1 qırmızı vərəqə ilə liqanın ən aqressiv oyunçusu statusunu daşıyır. 5 sarı və 1 qırmızı vərəqə alan “Sumqayıt”ın müdafiəçisi Rayan Senhadji də unutmaq olmaz. Bu futbolçular komandalarının müdafiə və orta xəttində “yanğınsöndürən” rolunu oynasalar da, tez-tez cəzalı duruma düşmələri məşqçilər üçün ciddi başağrısına çevrilir.

“Sumqayıt” “sarı”da və “Qəbələ” “qırmız"da
Komanda şəklində baxdıqda, “Sumqayıt” rəqibləri üçün ən çətin və bəlkə də ən sərt rəqibdir. 16 turda cəmi 48 sarı vərəqə alan “kimyaçılar”, bu göstərici ilə liqanın mütləq lideridir. Onların hər oyununda orta hesabla 3 sarı vərəqə görmək artıq təəccüblü deyil.
Qırmızı vərəqə məsələsində isə “Qəbələ” mənfi mənada fərqlənir. Baxmayaraq ki, sarı vərəqə sayına görə (29 vərəqə) ortalarda yer alırlar, meydanda azlıqda qalmaqda rekord onlara məxsusdur. Murad Musayev, İbrahim Sanqare və Prins Ovusunun qırmızı vərəqələri göstərir ki, bölgə təmsilçisi kritik anlarda emosiyalarını cilovlamaqda çətinlik çəkir.
“Centlmenlər” klubu və ya “Qarabağ” nümunəsi
Liqanın ən intizamlı komandası isə gözlənildiyi kimi “Qarabağ”dır. Ağdam təmsilçisi 16 tur ərzində cəmi 20 sarı vərəqə alıb və maraqlıdır ki, heyətində qırmızı vərəqə alan heç bir futbolçu yoxdur. Bu, Qurban Qurbanovun komandasındakı yüksək oyun intizamının və topa sahib olma faizinin yüksək olmasının (belə halda qayda pozuntusuna daha az ehtiyac qalır) birbaşa nəticəsidir. “Qarabağ”dan sonra ən intizamlı komandalar siyahısında "Turan-Tovuz" (24 sarı) və "Zirə" (28 sarı) yer alır.

Nə üçün bu qədər vərəqə?
Maraqlı bir məqam odur ki, turnir cədvəlinin alt sıralarında yer alan komandalar (“İmişli”, “Karvan”, “Kəpəz”) vərəqə sayında orta və yuxarı sıralardadırlar. Bu, adətən ustalığın çatışmadığı yerdə fiziki gücün və aqressiv müdaxilələrin ön plana çıxması ilə izah olunur. Məsələn, “Kəpəz”in 35 sarı vərəqəsi onların müdafiədəki çətinliklərini foullarla sığortalamağa çalışdıqlarını göstərir.
Yekun olaraq deyə bilərik ki, Azərbaycan Premyer Liqasının ilk yarısı kifayət qədər gərgin və vərəqələrlə zəngin keçdi. İkinci yarıda turnir cədvəlindəki yerlər uğrunda mübarizə kəskinləşdikcə, bu rəqəmlərin daha da artacağını gözləmək olar. Amma bir məqamı unutmaq olmaz ki, vərəqə sayının çox olmasında hakimlərimizin də rolu az olmayıb. Onların bəzi hallarda asanlıqla vərəqə paylaması oyunlara təsirsiz ötüşməyib.

Turqay