
"Neftçi"nin 10-cu sarsıntısı
"Kəpəz"ə ikinci, Premyer Liqada isə 10-cu məğlubiyyət... Ümumi mənzərə göstərir ki, "Neftçi" nəinki artıq elita olmağa, hətta avrokubok zonasına düşməyə də çətinlik çəkir. Əgər bir vaxtlar ikinci pillə uğursuzluq sayılırdısa, indi altıncı yerin necə qiymətləndiriləcəyini düşünmək belə çətindir.
Samir Abasovun Ağadadaş Salyanskinin adını çəkməsi təsadüfi deyil. Əgər doğrudan da "Neftçi" akademiyasının yetişdirdiyi ən yaxşı oyunçu budursa, o zaman fundamental sual ortaya çıxır: hardadır akademiya işi?
Klubun ümumi idarəçiliyinə baxdıqda, tamamilə sistemsiz, kortəbii, primitiv və naqis bir struktur görürük. Bəs bu gün avrokuboklar uğrunda mübarizə aparan klublarda olan, "Neftçi"də olmayan nədir? Neftçi nə edir və ya nə etmək istəyir?
Samir Abasov açıq şəkildə heyətin düzgün qurulmadığını vurğulayır, oyunçulardan narazıdır. Bu məsuliyyəti kim boynuna götürə bilər? Əgər komandada istedad yoxdursa, akademiya məhsuldar deyilsə, transfer siyasəti fəlakətdirsə və məşqçi hər həftə oyunçuların səviyyəsindən şikayətlənirsə, bu klubu idarə edənlər nəyi idarə edirlər?
"Neftçi" artıq tarixlə yaşayan, gələcəyi isə indidən qaralmış bir klub təsiri bağışlayır. Bir vaxtlar Azərbaycanın ən nüfuzlu və ən iddialı klubu olan bu komanda artıq Premyer Liqanın sıravi iştirakçısına çevrilib...
Mirələm HƏSƏNLİ