Dörd qol vurduqları millimizi təriflədi
Portuqaliyanın U-21 milli komandası AVRO-2027-nin seçmə mərhələ oyunu çərçivəsində Bakıda Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, qonaqların baş məşqçisi Luiş Freyre matçdan sonra keçirilən brifinqdə fikirlərini bölüşüb:
- Bilirdik ki, asan oyun olmayacaq. Rəqib hər matçda maksimumunu verməyə çalışır. Azərbaycan millisinin hücumda sürətli oyunçuları var. Buna görə də əks-hücumlarda diqqətli olmalıydıq. Futbolçularımız yaxşı hücumlar qurdular və bunlardan yararlandılar. Azərbaycan yığması 2-ci hissədə yoruldu və müdafiəyə çəkildi. Bu da bizim qol vurmağımızı asanlaşdırdı.
- Hesaba baxsaq, asan oyun olduğunu demək olar?
- Hər şey bizim özümüzdən asılıdır. İlk dəqiqələrdən oyuna ciddi yanaşmasaydıq, bu, bizə baha başa gələ bilərdi. Futbolçularım oyuna ciddi yanaşdılar və sonda istədiyimiz nəticəni qazandıq.
- Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?
- Oyunun əvvəlindən axıra kimi yağış yağdı. Amma bunun gedişata təsir göstərdiyini deməzdim. Topun hərəkətinə heç bir çətinlik yaratmırdı.
- Azərbaycan millisi ilə 2 oyun keçirdiniz. Sizcə, millimizin problemi nədir?
- Güclü rəqiblərlə oyunlarda müdafiədə inamlı çıxış etməyə çalışırlar. Azərbaycanda oyunçu seçimi üçün nə qədər imkanların olduğunu bilmirəm. Komanda müdafiədə yaxşı çıxış edir. Hücumda da sürətli oyunçuları var. Əks-hücumlardan yararlana bilərlər.
- Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi təyin olunub. Bununla bağlı fikirləriniz necədir?
- Ruy Jorj çox təcrübəli məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisinin çalışdırıb, iki dəfə Avropa çempionatının finalında oynayıb. Düşünürəm ki, işinin öhdəsindən gələcək.