Ağadadaş Salyanski: "Əvəzedici komandada çempionluqdan daha vacibi əsas komandaya hazır oyunçu olaraq yetişməkdir"

  • 19 Mart 2024, 16:22

“Neftçi”nin 19 yaşlı hücumçusu Ağadadaş Salyanskinin Sportlife.az-a müsahibəsini təqdim edirik.

Uzun müddətdən sonra böyük hesablı qələbə qazandınız. "Səbail"lə oyunu necə dəyərləndirirsən?

- “Səbail”lə oyuna çox yaxşı hazırlaşmışdıq. Meydançaya qələbə üçün çıxmışdıq. Şükürlər olsun ki, bunu bacardıq. Həmin qələbə bizə çox lazım idi. Düşünürəm ki, məşqçinin verdiyi tapşırığı düzgün istifadə edib, 3 xalımızı qazandıq.

Hazırda 40 xalla 3-cü pillədəsiniz. Mövsmün yekununda "Neftçi"ni neçənci yerdə görürsən?

- Bildiyimiz qədər, hal-hazırda “Neftçi”nin vəziyyəti o qədər də ürəkaçan deyil. Amma hələ qarşıda 1 dövrə var. Biz bu dövrəni maksimum yaxşı nəticə ilə başa vurmaq istəyirik. Fikrimiz liqanı 2-ci pillədə bitirmək və kuboku qazanmaqdır.

Səncə nə vaxt səni "Neftçi"nin əsas heyətində görə bilərik?

- Həmişə hazır olmağa çalışıram və məşqçi nə vaxt oynayacağımı daha yaxşı bilir. Bu şəkildə davam etsəm, gələcəkdə daha çox şans qazana bilərəm.

Əvəzedicilər Liqasında işlərin daha yaxşı gedir. Hazırda 26 qolla bombardirsən. Buna mövsümün əvvəlində inanırdın?

- İlk növbədə o 26 qolda məşqçilərimin və komanda yoldaşlarımın böyük əziyyəti var. Onlara təşəkkürümü bildirirəm. Bir də ki, bu, hələ son deyil (gülür).

"Neftçi-2"də əsas heyətdə meydana çıxıb qollar vurmaq, yoxsa "Neftçi"də ehtiyatdan oyuna daxil olub qol şansı gözləmək? Hansı daha yaxşıdır?

- Əvəzedici komandada çempionluqdan daha vacibi əsas komandaya hazır oyunçu olaraq yetişməkdir. Amma təbii ki, çempionluğu da qazansaq, çox yaxşı olardı. Hər ikisində qol vurmaq qürurvericidir. Çünki bura “Neftçi”dir. İstər əsas, istərsə də əvəzəedici komanda – burada hamı bir ailədir və hamımızın işi birdir.

Növbəti turda 2-ci yerdə olan "Qəbələ-2" ilə oynayacaqsınız. Səncə bu Əvəzedicilər Liqasında çempionun taleyini həll edəcək?

- Çox çətin bir oyun gözləyir. İnşallah, bu oyuna yaxşı hazırlaşıb, yaxşı nəticə qazanmaq istəyirik. Demək olar ki, bu oyun hardasa çempionluğun taleyini həll edəcək. Düşünürəm ki, çox maraqlı və gərgin oyun olacaq. Uğur bizimlə olsun!

 

Qulammirzə Səfərli


Paylaş: