Qadın sablyaçılarımızın Bakıdakı məşq toplanışı davam edir
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.
Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək. Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək Qran-Pri turnirinə hazırlıq xarakteri daşıyır. Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.