"Difai"nin prezidenti: "Hədəfimiz Premyer Liqadır" -  MÜSAHİBƏ

"Difai"nin prezidenti: "Hədəfimiz Premyer Liqadır" - MÜSAHİBƏ

  • 24 Dekabr 2022, 17:25

"Difai" İdman klubunun təsisçilərindən biri olan, Region Liqasında mübarizə aparan "Difai" komandasının prezidenti Asəf Məlikov Sportlife.az saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Əvvəlcə özünüz barədə məlumat verərdiniz...

- 1968-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 1982-1985-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbi oxumuşam. Leninqrad Ali Hərbi Məktəbi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Bakı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilimi davam etdirmişəm. 2004-2008-ci illərdə müxtəlif sahələrdə yatırımlar həyata keçirib, özəl mühafizə xidməti, mətbu orqanlarında çalışmışam. "Mədinə" Humanitar Yardım Təşkilatı ictimai birliyini təsis etmişəm. 2008-ci ildə 207 saylı orta məktəbdə Qılıncoynatma idmanın rapira növünün tədrisi ilə məşğul olmuşam. 2009-cu ildə Azərbaycanda ilk özəl Qılıncoynatma idman klubunun yaradılmasını təmin etmişəm. 2010-cu ildən bəri əsasını qoyduğum "Eskrim" jurnalının baş redaktoruyam. 2012-ci ilin dekabr ayından Azərbaycanda ilk dəfə Əlil Arabasında Qılıncoynatma idmanının tədrisini həyata keçirmişəm. İlk tələbələrdən biri Qarabağ müharibəsi qazisi olub. 2017-ci ildə Azərbaycanda ilk dəfə paralimpiya idmanları sahəsində ilk federasiya - Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasını təsis etmiş və rəhbəri olmuşam. 2019-2020-ci illərdə Makaoda Qılıncoynatma üzrə baş məşqçilik fəaliyyəti göstərmişəm. 2019-cu ildə Azərbaycanda Qılıncoynatma üzrə ilk dərslik kitabının nəşrini həyata keçimişəm.

 - Komanda nə vaxt, hansı məqsədlə yaradılıb?

- “Difai” İdman klubu 2018-ci il martın 5-də yaradılıb. Əsas məqsəd gəncləri idmana cəlb etmək, asudə vaxtını təşkil edib, sağlam nəsil yetişdirməkdir. 2009-cu ildən Qılıncoynatma İdman klubunu yaratdıq. Bir çox idman növlərini özündə əhatə edən bir idman klubu yaratmaq niyyətində idik. Buna görə, “Difai” idman klubunu təsis etdik. Klub qılıncoynatma, əlil arabasında qılıncoynatma, voleybol, basketbol, futbol və digər idman növlərini özündə cəmləşdirir.

 - Yeganə təsisçi özünüzsünüz?

- İdman klubunun yaradıcıları arasında Zülfiyyə Məlikova və Nübar Məlikova da var. 2019-cu ildə Azərbaycanda ilk dəfə qılıncoynatma üzrə kitab çap olundu. Bu kitabın həmmüəllifləri arasına mən, Nübar Məlikova, həyat yoldaşım Zülfiyyə Məlikova və övladlarım Məhim Məlikova və Məryəm Məlikova daxildir. "Difai" klubunun yaradıcıları mən, həyat yoldaşım və qızım olub. Yoldaşım illərdir ki, komandanın psixoloqu olub. Qızım isə Azərbaycanın rapira üzrə ilk idman ustasıdır. Neçə illər milli komandanın şərəfini qoruyub. Hazırda Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidentidir, mən isə vitse-prezident vəzifəsində çalışıram. Futbol klubuna gəlincə, təsisçisi yalnız özüməm.

 - Nə üçün "Difai" adını seçmək qərarına gəldiniz?

- “Difai” adını seçməyimiz təsadüfi deyildi. İdman klubunun tariximizi yaşatmasını istədik. Futboldakı “Difai” və idman klubu “Difai” arasında böyük fərq var. Çünki 2018-ci ildən 2022-ci ilə qədər “Difai” adının maraq kəsb etməsi o qədər də güclü deyildi. Senytabrdan daha çox diqqət görməyə başladıq.

 - Klubun hədəfləri barədə məlumat verərdiniz?

- Klubun hədəfləri Azərbaycanı ən yüksək mötəbər yarışlarda təmsil etməkdir. Hədəfimiz Premyer Liqadır. Qarşımıza qoyduğumuz əsas məqsəd nəticə göstərmək, qalib gəlməkdir. Keçirdiyimiz 5 oyunda 5 qələbə qazanmışıq. 25 dekabrda birinci dövrənin son oyununa çıxacağıq, həmin oyunda da qalib gəlmək istəyirik. Region Liqasını qazanmaq və UEFA Regionlar Liqası çempionatında Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Bu günə qədər ilk dəfədir ki, post-müharibə ölkəsində qazilər komanda yaradıb, belə gözəl nəticələr əldə edir.

-  Komandanın maliyyə dayaqları varmı?

- Bizim AFFA-ya təqdim etdiyimiz zəmanət məktubunda Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının futbol klubuna dəstək göstərəcəyi bildirilir. Federasiya ictimai birlik olduğu üçün pul qazanması sponsorlardan asılıdır. Öz şəxsi vəsaitimiz hesabına komandanı saxlayırıq. Sponsorlara açıq olsaq da, bu hansısa mərhələdə dayanır. Açıq deyim ki, qarşılığında bizim onlara nə verə biləcəyimizi soruşurlar. Onlara yalnız reklamın mümkün olduğunu bildirəndə, bizə dövlətdən də dəstək istədiklərini deyirlər. Bu, bir az absurddur.

- Futbolçular maaş alırlar, yoxsa oyuna görə mükafat verirsiniz?

- Müəyyən mükafatın olduğunu demək istəməzdim. Oyuna görə maddi dəstək göstərə bilirik. Oynasalar da, oynamasalar da, bu dəstəyi alırlar. Bizim klubun futbolçularıdırlarsa, dəstəyimizi əsirgəmirik.

 - Məşqlərinizi və oyunlarınızı harda keçirirsiniz?

- Məşqlərimiz və oyunlarımız “ASK Arena”nın 4-cü meydançasında keçirilir. Yeni stadion axtarışındayıq, təbii ot bizim üçün daha gözəl olardı.

 - Komandada sırf qazi və müharibə iştirakçıları oynayacaq, yoxsa gələcəkdə peşəkar futbolçuları da cəlb etməyi düşünürsünüz?

- Müharibə iştirakçılarımız da peşəkar futbolçulardır. Bu gün Region Liqasında oynayırlarsa, deməli, bir səviyyəyə malikdirlər. İnşallah I Divizion və ya Premyer Liqaya yüksələndə onlarla davam etmək istəyirik. Heyətimizdə 2005, 2007, 2008-ci il təvəllüdlü uşaqlar var. Bizimlə məşq edirlər, onları əsas heyətə cəlb etmək gələcək perspektivimizdə var. Yoldaşlıq oyunlarında meydana buraxırıq.

- İş adamları və ya şirkətlər tərəfindən sponsorluq təklifi edənlər olub?

Qeyd etdiyim kimi, iş adamları sponsorluq qarşılığında dövlət dəstəyi istəyirlər. Bu, bizim əlimizdə olan bir şey deyil. Komandaya dəstək vermək istəyirlərsə, buyursunlar. Müharibə zamanı bir yumruq olub, düşmənin başını əzdiyimiz kimi, yenə bir yumruğa çevrilib komandaya dəstək göstərməliyik. Bu, ayrı-ayrı şəxslərin yox, komandanın xeyrinə olacaq.

-  AFFA və AGİN tərəfindən indiyə qədər sizinlə maraqlanıblar?

- Klub AFFA-nın maraq dairəsindədir, Sərxan müəllimlə dəfələrlə görüşmüşük. Komanda barədə hakimlərlə bağlı fikir mübadiləsi aparmışıq. AFFA-nın bütün əməkdaşlarına təşəkkürümü bildirəm. Hakimliklə əlaqəli etirazımız vardı, bildirdik. Sənədləri, video materialları göstərdik. Sağ olsunlar, belə hallar ondan sonra davam etmir. Gənclər və İdman Nazirliyindən maraqlanan və dəstək verən olmayıb. AFFA hər oyundan sonra 300 manat məbləğində dəstək göstərir. Bu da stadionun, səfər oyunlarının xərclərini ödəməyə yetərli olur. Digər məsələləri isə özümüz aradan qaldırmağa çalışırıq.


Paylaş: