"Rəqibi səhvə məcbur etməyə çalışacağıq"

  • Bu gün, 11:46

"Çox vacib oyuna çıxacağıq. 3 gün əvvəl evdə Şimali Makedoniya üzərində inamlı oyunla qələbə qazandıq. Düzdür, bəzi futbolçularımızda yüngül zədə var. Ancaq düşünürəm ki, həkimlərimiz matça qədər onları hazır vəziyyətə gətirə biləcəklər. Uzaq yol gəldiyimizi də nəzərə almaq lazımdır. Oyunçuları həm fiziki, həm də psixoloji cəhətdən hazırlamalıyıq. Bunu bacaracağımıza inanıram”.
Sportlife.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçiriləcək oyundan öncə AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Baş məşqçi səfərdə uğurlu nəticə qazanmaq istədiklərini bildirib: “Macarıstan yığması çox güclü komandadır, futbolçuları fərdi cəhətdən yüksək keyfiyyətə malikdirlər. Andorra ilə ilk oyunda gözlənilməz şəkildə xal itirdilər. Bizimlə öz meydanlarında qarşılaşacaqları üçün maksimum dərəcədə hazırlaşıblar. Həmçinin biz də tamamilə görüşə köklənmişik. Start fitindən sona qədər tempdən düşməməyə və rəqibi səhvə məcbur etməyə çalışacağıq. Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”.
Qeyd edək ki, martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.


Paylaş: