Mirbağır İsayev: Mən gözümün şahidi olmuşam, Rəşada xoş gəlmək üçün...

Mirbağır İsayev: Mən gözümün şahidi olmuşam, Rəşada xoş gəlmək üçün...

  • 18 Fevral 2018, 21:45

Oktyabr ayında U-17 yığmasından ayrılan Mirbağır İsayev hələ ki, işsizdi. Uzun müddət aşağı yaş qruplarında çalışmış mütəxəssis bildirib ki, bu müddətdə AFFA-dan onunla maraqlanan olmayıb:

 

- Bir müddətdi ki, işsiz qalmısınız. Bu müddətdə AFFA-dan sizinlə maraqlanan olubmu?

- Xeyr, elə bir şey olmayıb. Halbuki məşqçi karyeramın daha çox hissəsi milli komandalarla bağlıdı. Çalışmışam ki, hər zaman milli dəyəri hər şeydən üstün tutum. Milli mənim üçün hər zaman birinci yerdə olub. Çünki hər zaman futbolçu yetişdirməklə məşğul olmuşam. Bundan savayı özümün də beynəlxalq arenalarda təcrübə toplamağım üçün yaxşı olub. 1998-ci il təvəllüdlü uşaqlarla Avropada ikinci mərhələni keçə bilməyəndən sonra istefa vermişdim. Bu il isə 2001-ci il təvəllüdlü futbolçularla işlədim. Mərhələ matçlarından iki oyun uduzub, bir oyunda qalib gəldik. Amma bu növbəti mərhələyə çıxmağa bəs etmədi. Mərhələni keçə bilmirsənsə, getmək lazımdı. Çünki millidə nəticə vermək lazımdı. Yığmalarda işlədiyim dövrdə hər zaman çalışmışam ki, ən azından bir mərhələ keçim. Bayrağımız, himnimiz olan yerdə nəticə olmalıdı. Nəticə verməyəndən sonra ayrılmışdım. Ancaq bu dəfə vaxtımın çox hissəsini işimin üstünə qoya bilmədim. Obyektik, subyektiv problemlərim var idi. Heç onların üstünü açmaq da istəmirəm. Ancaq AFFA rəhbərliyinə U-17 üçün hər bir şərait yaratdığına görə təşəkkür edirəm. Avropa çempionatının mərhələ oyunlarından qabaq da Elxan Məmmədovla görüşüb, yaradılan şəraitə görə təşəkkürümü bildirdim. Qalmışdı ki, nəticə vermək. O da alınmadı.

- Düşünmürsən ki, sənə ikinci şans verilməli idi? Çünki komandanı da sən yığmışdın...

- Ölkə üzrə 2001-ci il təvəllüdlü futbolçuların 99,9 faizinə baxılmışdı. Qubada böyük seleksiyamız olmuşdu. Klublardan əlavə elə birinci məktəb uşaqlarına, rayondakı bütün uşaqlara baxmışdıq. AFFA rəhbərliyi şərait yaratmışdı bizim üçün. Topladığımız heyətin Avropada ilk ciddi sınağı idi. Ancaq mən inanırm ki, həmin heyətdən gələcəkdə A milliyə 4-5 nəfər gəlib çıxacaq. Böyük potensialı olan uşaqlar var, sadəcə işləmək lazımdı. Bizim aşağı yaş qruplarının çempionatı elə də rezonans doğurmur. Ona görə daha çox beynəlxalq turnirlərdə çıxış edib təcrübə toplamaq lazımdı.

- Səncə, sənin yığdığın heyətlə yeni baş məşqçi ilə nəticə verə biləcək?

- Uğurlar arzulayıram orada işləyənlərə. Mənim üçün fərqi yoxdu, orada Əli işləyir, Mirbağır işləyir, yoxsa Zaur Həşimov. Ən önəmlisi odu ki, milli komandamız, kimin işləməyindən asılı olmayaraq nəticə versin. Nəticə verə-verə də oyunçu yetişdirilsin. Sevinirəm ki, illər öncə aşağı yaş qruplarında işləyərkən komandaya cəlb etdiyimiz 15 yaşlı uşaqlardan “Qarabağ” və milli komandamızın əsas heyətində oynayanlar var. Hətta legioner həyatı da yaşayanlar var. Uşaqların ilk növbədə insanı keyfiyyətlərini düzəltmək lazımdı. Bizim uşaqların ən çatışmayan cəhətləri odu ki, məktəbə gedirlər, ancaq oxumurlar. Bu da onların legioner olması üçün baryerdi. Birinci Azərbaycan dilini mükəmməl öyrənməlidilər, sonra da ingilis dilini. 1998-ci il təvəllüdlərlə U-17-lərlə işləyəndə Elxan Məmmədovdan komandamız üçün ingilis dili müəllimi tutmasını xahiş etmişdim. Sağolsun, xahişimi yeri salmamışdı. Həmin müəllim bizimlə təlim-məşq toplanışlarına gəlirdi, dərs deyirdi. Çünki həmin heyətdə elə oyunçular var idi ki, legioner həyatı yaşaya bilərdilər. Qara Qarayev o vaxtı “Malaqa”ya getdi. Ancaq onun İspaniyada dil problemi oldu. Uşaqlarımızın təhsilinə böyük fikir vermək lazımdı.

- Əsas milliyə Qurban Qurbanov, U-21 yığmasına isə Rəşad Sadıqov baş məşqçi təyin olundu. Bu təyinatlarla bağlı nə demək istəyərdin?

-  Sevindirici haldı ki, bugünki gündə A millimizin baş məşqçisi Qurban Qurbanovdu. Qurban Qurbanovla işləmişəm, bilirəm və inanıram ki, o, aşağı yaş qrupları ilə də zəncirvari olaraq işləyəcək. Bu gənc futbolçular üçün də stimuldu. Uzun müddətdən sonra, millimizə yerli baş məşqçi təyin olunmasına görə sevindim. Bugünki gündə işsiz olsam da, subyektiv fikrimdi. Mən işi heç kimdən istəmirəm. Mənim üçün ən önəmlisi A millidi. Qurban Qurbanov aşağı yaş qruplarını da hər zaman diqqətdə saxlayacaq. Bundan qabaq heç bir nəzarət yox idi. Hələ bir dəfə Robert Prosineçkidən özüm xahiş etmişdim ki, gəlsin bizim uşaqlarla görüşsün. Sağolsun, sözümü yerə salmadı və gəldi uşaqlarla görüşdü. Bu özü də uşaqlar üçün stimul idi. Elə həmin komandadan Anton Krivatsuk bu dəqiqə A millidə və “Neftçi”də oynayır. Bu futbolçunu mən gətirmişdim. Elxan Məmmədov da xahişimi yerə salmamışdı. Ona inandırdım ki, bu uşaq gələcəkdə də kömək edə bilər. Gətirəndə də elə uşaqlar gətirmək lazımdı ki, A milliyə qədər qalxa bilsinlər. Çox türk oyunçular gəldi, sonra bizim vətəndaşlıqdan imtina edirdi. Bu mənə ağır gəlirdi. Ancaq Antonu 16 yaşında gətirdik və hər dəfə onu oyunlarda görəndə sevinirəm.

-  Bir neçə gün əvvəl birinci diviziondan təklif almağınla bağlı xəbərlər dolaşırdı. Özün getmədin, yoxsa necə?

-  Var idi, təklif. Premyer Liqada, yığmalarda da işləmişəm. Mən gedib əvəzedici heyətdə işləyərəm. Ancaq gedib birinci liqada işləmərəm. Mətbuatı izləyirəm və necə çirkin söhbətlərin getdiyini görürəm. Birinci divizionda məğlub olmadan komandam olub. “Abşeron”da işlədiyim dövrdə, ikinci söhbət ola bilməzdi. Biz hər oyuna qələbə üçün çıxırdıq. Bundan sonra da çalışacam ki, işlədiyim yerdə ancaq xeyir verim.

- “Neftçi”nin sabiq futbolçusu olmusan. Kənardan baxanda, “Neftçi” sənin üçün necə görünür? Komandadakı işlərin yaxşı olmadığı deyilir...

-     Daxildə deyiləm, hər hansı söz-söhbətlərə fikir bildirmək istəmirəm. Çünki mənə maraqsızdı. Görünən komandadı, görünən oyun və oyunçulardı. Baxın görün, Premyer Liqada “Neftçi”nin yetişdirdiyi nə qədər oyunçu oynayır? Amma “Neftçi”nin özündə aşağı yaş qruplarından bir uşaq belə yoxdu. “Neftçi” bizim tariximizdi, köklü klublarımızın birincisidi. “Neftçi” öz uşaqlarından da bəhrələnməlidi. Mən istəyirəm ki, “Neftçi”də aşağı yaş qrupundan bir oyunçu çıxsın, Premyer Liqada debüt etsin. Bugünki gündə onun üzərində işləmək lazımdı.

- Bəlkə “Neftçi”də dərhal nəticə tələb olunur deyə, gənclərə üstünlük vermək riskli gəlir?

- Araz Abdullayev, Tərlan Quliyev, Amit Quluzadə o vaxtı gənc yaşlarında oynayırdı “Neftçi”də. İnanmıram ki, aşağı yaş qruplarında yaxşı futbolçu olmasın. “Qəbələ” akademiyasının uşaqları bütün komandalarımızda var. Bu yaxşıdı, ancaq “Neftçi”nin də öz uşaqları olmalıdı, “Keşlə”nin də, digər klubların da. Bəs onda, bu akademiyalar niyə işləyirki? Heç kim deyə bilməz ki, 100 futbolçudan 90-ı futbolçu olacaq. Mən Qurban Qurbanovla “Neftçi”də işləyəndə də, mükafatçılar sırasındaydıq. Son oyunda “Olimpik-Şüvəlan”a 1:2 uduzduq və çempionluğu əldən verdik. “Neftçi” hər zaman çempionatda birinci yer, kubokda da qalib olmaq üçün oynamalıdı. Çünki bu klub buna layiqdi.

- Deyirlər ki, “Neftçi”də baş məşqçiyə hər zaman təzyiq olur. Sən də Qurban Qurbanovla işləmisən bu komandada. Deyilənlər həqiqətdi?

-     Mən Qurban müəllimlə işləyəndə, bizim azərbaycanlı futbolçularımız arasında liderlər var idi. Rəşad Sadıqov, Zaur Tağızadə, Mahir Şükürovu fərqləndirə bilərəm. O vaxtı Ruslan Abışova birinci şansı elə Qurban Qurbanov vermişdi. “Karvan”la oyunda səhv etdi, ancaq oynatdıq onu. Həmin oyunu biz 3:1 udduq. O vaxtı “Neftçi”də yerli lider uşaqların üstünlüyü var idi. Yerlilər gəlmələrdən artıq oynayırdı. Sadəcə legionerlər də yerlilərin oyununa rəng qatırdı. Ancaq bugünki gündə “Neftçi”də azərbaycanlı lider görmürəm. Hansı ki, məşqçinin əsas tapşırığını meydanda həyata keçirsin. Rəşad Sadıqov komandada bir nömrəli lider idi. Rəşad kimi lideri olan komandada işləmək asan olar. O, elə meydanda məşqçidi. Mən gözümün şahidi olmuşam. Rəşada xoş gəlmək üçün demirəm, sadəcə gördüyümü deyirəm. Hər bir komandada Rəşad Sadıqov, Zaur Tağızadə, Mahir Şükürov kimi öz yerində oynayan liderlər olsa, “Neftçi” bu il də mükafatçılar sırasında oynaya bilər.

- Yoxlama oyunu olsa belə, “Neftçi”nin Türkiyədə “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzması, yaddaqalan oldu. Necə düşünürsən, bu komandanın tarixinə mənfi hal kimi düşdü, yoxsa ciddi qəbul olunmamalıdı?

-     Yoxlama oyunlarıdı, çempionata hazırlıq oyunlarıdı. “Neftçi”dən savayı “Kəpəz” də bu hesabla uduzmuşdu. “Qarabağ” özü bir oyunda belə qalib gələ bilmədi. Hazırlıq dövrü ilə rəsmi matçlar arasında yerlə-göy qədər fərq var. Çünki yorğun halda da oynaya bilərsən. Oyun böyük yükdü. Bunlar Antalyaya getməyiblər ki, gün keçirsinlər, gediblər hazırlaşsınlar. Ancaq yenə də 1:8, 1:6, 0:6 kimi hesablar sarsıdıcı məğlubiyyətlərdi. Sadəcə çalışmaq lazımdı ki, hər oyuna qələbə üçün çıxasan. (azerisport)


Paylaş: