“Qarabağ”ın seriyası davam edəcək, yoxsa “Neftçi” həsrətə son qoyacaq?

  • 14 Fevral 2025, 19:48

Fevralın 16-da Azərbaycan futbolunun ən klassik qarşılaşmalarından biri baş tutacaq – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Bu derbi uzun illər Azərbaycan futbolunun simvolu olub, lakin son dövrlərdə “Qarabağ”ın hegemonluğu fonunda qarşılaşmanın intriqası bir qədər azalır. Bununla belə, futbol emosiyaların oyunu olduğundan, turnir cədvəlindən və komanda formalarından asılı olmayaraq hər iki tərəfin azarkeşləri bu matçı xüsusi gözlənti ilə izləyəcək.

Statistika açıq şəkildə göstərir ki, son illərdə “Qarabağ” bu rəqabətdə mütləq üstünlük əldə edib. Son 7 oyunda ardıcıl qələbə qazanan Ağdam klubu hətta son 4 matçda böyükhesablı qalibiyyətlə meydanı tərk edib. “Neftçi” isə artıq 4 ilə yaxındır ki, bu rəqibinə qalib gələ bilmir. Bunun sonuncu dəfə 2021-ci ildə baş verməsi və həmin qələbənin “ağ-qaralar”a çempionluğu gətirməsi isə futbolun gözlənilməzliklərindən biridir.

Ümumi statistikada da “Qarabağ” açıq şəkildə öndədir – 43 qələbə və 136 qol. “Neftçi”nin aktivində isə 23 qələbə və 84 qol var. Bu rəqəmlər göstərir ki, son onillikdə “Qarabağ” nəinki meydanda, həm də tarixdə öz dominantlığını təsdiqləyib. Lakin derbinin ruhu rəqəmlərlə məhdudlaşmır. Əgər “Neftçi” bu matça xüsusi motivasiya ilə yanaşarsa və taktiki cəhətdən rəqibə uyğun düzgün plan hazırlayarsa, uzun illərin fasiləsindən sonra qələbə həsrətinə son qoya bilər.

Futbol tarixində tez-tez şahid olmuşuq ki, favoritlər belə matçlarda gözlənilmədən büdrəyirlər. “Neftçi” bu fürsətdən istifadə edib özünü yenidən yüksək səviyyəli komanda kimi təsdiqləyə biləcəkmi? Yoxsa “Qarabağ” dominantlığını bir qədər də gücləndirərək növbəti möhtəşəm seriyaya imza atacaq? Bu sualların cavabını fevralın 16-da saat 19:00-da “Neftçi Arena”da tapacağıq.

Sportlife.az


Paylaş: