"Qəbələ"nin yeni transferi xəstələnib

  • Bu gün, 13:28

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze təlim-məşq toplanışı və yeni transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verib.

Sportlife.az xəbər verir ki, o, əvvəlcə hazırlıq prosesinin gedişi haqqında danışıb:

“Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. Yüklənmələr çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç hara getmədik. Burada hər şey bizi qane edir: meydançaların vəziyyəti, istirahət etmək imkanları. Bu baxımdan hər şey yaxşıdır. İlk yoxlama oyununu "Kəpəz’" qarşı keçirdik və qalib gəldik. Aydın məsələdir ki, səhvlər çox oldu. Birinci oyun idi. Hesab edirik ki, daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən 2 həftədən sonra çempionat başlayır. Odur ki, qısa vaxt ərzində həm fiziki, həm də oyun kondisiyalarımızı bərpa etməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq”.

Gürcüstanlı mütəxəssis "Kəpəz"lə oyunda debüt edib qol vuran yeni transfer İsmael Akinadenin də çıxışını dəyərləndirib: “Akinadeyə "Kəpəz"lə oyunda şans verdik. Aydın məsələdir ki, ona hələ vaxt lazımdır. Xüsusən də hücumameyilli futbolçulara adaptasiya üçün daha çox vaxt tələb olunur. Müdafiəçi Seydina Keyta isə təəssüf ki, xəstələnmişdi. Bu səbəbdən 2 gün məşqlərdə iştirak edə bilmədi. "Kəpəz"lə oyunda risk etmədik və onu oynatmadıq. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas odur ki, komandaya tez adaptasiya olsunlar. Hər ikisi təcrübəli futbolçudur. İnanıram ki, qısa vaxt ərzində komandaya uyğunlaşacaqlar”.

Kaxaber Sxadadze transfer çalışmalarının davam etdiyini bildirib: "Bəzi mövqelər var ki, onları gücləndirməliyik və bunun üzərində işləyirik. Klubumuzun direktoru Səbuhi Səfiyarlı bu məsələlər üzərində səylə çalışır. Bu istiqamətdə işlərimizi diqqətlə davam etdiririk. Çünki səhvə yol vermək olmaz. Ümid edirəm ki, qısa vaxt ərzində transferləri yekunlaşdıracağıq və yeni gələnlər komandaya qoşulub adaptasiya olacaqlar. Qarşıda daha 2 oyunumuz var - yanvarın 14-də "Araz-Naxçıvan" və 18-də "Baku Sportinq"lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”.


Paylaş: