“Qarabağ” üçün növbəti şans: “Napoli”nin dərdi var

  • Bu gün, 14:32

"Napoli" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Qarabağ”ı qəbul edəcək. 4 turdan sonra 7 xal toplayan Azərbaycan çempionu növbəti sürpriz axtarışındadır. Rəqib isə İtaliya təmsilçisidir.

Son İtaliya çempionu PSV-yə (2:6) və “Mançester Siti”yə (0:2) məğlub olub, “Ayntraxt”la qolsuz heç-heçə edib. Neapol təmsilçisi yeganə qələbəsini “Sportinq” üzərində qazanıb – 2:1. 4 xal toplayan komanda 24-cü sırada qərarlaşıb. Bunu sürpriz hesab edənlərin sayı az deyil.

“Napoli”nin növbəti sınağı “Qarabağ”la olacaq. İtaliya nəhəngi qarşılaşmaya mühüm kadr çatışmazlıqları fonunda çıxır. Antonio Kontenin komandası mövsümün bu mərhələsində oyun ritmini qorumağa çalışsa da, zədə dalğası həm heyət dərinliyini, həm də taktiki variantları ciddi məhdudlaşdırıb. Bütün bunlar komanda daxilindəki ab-havaya da təsir edib.

Zədə böhranına görə komandanın mərkəz xətti demək olar ki, sıradan çıxıb. “Napoli” hazırda bir neçə açar futbolçusunu itirib. Ki, bu da həm oyun quruculuğuna, həm də müdafiə-hücum balansına təsir göstərir. Əsas itki isə Kevin De Bruyne ilə bağlıdır. Belçikalı yarımmüdafiəçi “İnter”lə oyunda penalti zərbəsi zamanı yüksək dərəcəli hamstrinq zədəsi alıb və ardınca əməliyyat olunub. Onun qayıdış tarixi yaz aylarına planlaşdırılır. Bu, “Napoli”nin kreativ oyununun demək olar ki, sıradan çıxması deməkdir.

Frank Zambo Anqissa da De Bruyne qədər vacib oyunçudur. O, belçikalı ulduzla birgə komandanın ən çox qol vuran futbolçuları sırasında yer alıb. Onun yoxluğu komandada enerji çatışmazlığına səbəb olub. Kamerunlu futbolçu yığmada budarxası əzələsini zədələyib və bir neçə ay oynaya bilməyəcək. Anqissasız “Napoli”nin keçid oyunu xeyli zəifləyib.

Uzun müddətdir zədəli olan belçikalı ulduz Romelu Lukaku da hələ hazır deyil. Yayda ağır bud zədəsi alan təcrübəli forvard bərpa prosesinin hələ orta mərhələsindədir. Konte açıq şəkildə bildirib ki, Lukaku hazır deyil. Bu da hücum xətti üçün alternativləri minimuma endirir.

Başqa bir itki isə qapıçı Aleks Meretin adı ilə bağlıdır. Əsas qapıçı metatars zədəsi səbəbindən uzun müddət oynamayacaq. Bu isə komandanın sabitliyinə birbaşa təsir edən faktordur.

Bütün bunların fonunda heyətdə dəyişikliklər qaçılmazdır. Zədələr “Napoli”ni həm sistem, həm də oyun üslubu baxımından çevik olmağa məcbur edib. Konte son aylarda artıq daha çox 4-2-3-1 və 3-lü müdafiəyə keçidlərlə oynayır.

Orta xəttdəki zədə problemləri səbəbindən komanda topa nəzarətdə əvvəlki qədər dominant görünmür, mərkəzdə pressinqin intensivliyi aşağı düşüb, hücumlara keçid daha çox fərdi performanslardan asılıdır.

Hücumda da məhdudluq var. Lukaku yoxdursa, hücum xətti daha çox hərəkətli, lakin fiziki gücü az olan futbolçuların üzərinə qurulur. Bu isə cərimə meydançasında üstünlük yaradılmasını çətinləşdirir.

Kontenin ümidi müdafiədə diqqətli olmağa və sürətli keçidlərə qalıb. Hazırkı durumda italiyalı baş məşqçi daha çox sıx blok, sürətli reydlər və cinah oyunları üzərində qurulan diqqətli futbol oynadır. “Napoli”nin bu mövsüm taktiki çevikliyi yaxşı formalaşıb, amma aparıcı oyunçular olmadan bu sistemi ən yüksək səviyyədə tətbiq etmək çətindir.

Sözsüz ki, İtaliya çempionunun güclü tərəfləri var. Bütün çatışmazlıqlara baxmayaraq, “Napoli”nin bəzi üstünlükləri hələ də ciddi rol oynaya bilər. Ev oyunlarının yüksək effektivliyi. Neapollular 2025-ci ildə A Seriyasında meydan sahibi kimi ən yaxşı nəticələrdən birinə sahibdirlər. Fiziki güclü mərkəz – Skot MakTominey və digər dinamolu oyunçular hələ də mərkəzə müəyyən balans qatır. Taktiki intizam Antonio Kontenin komandası həmişə strukturunu qoruyur O, risk etmədən oynamağı sevir.

Lakin indiki halda zəif tərəflər daha çoxdur. Mərkəz xəttinin yarıbayarı sıradan çıxması, kreativ oyun quruculuğunun demək olar ki, yalnız fərdi performanslara bağlı qalması və qapıçı mövqeyində sabitliyin pozulması kimi faktorlar dinamik və təzyiq altında soyuqqanlı oynamağı bacaran “Qarabağ”a qarşı risk yarada bilər.

“Napoli” kağız üzərində güclü rəqib olaraq qalır, amma hazırkı şəraitdə komandada ciddi boşluqlar var. Zədə dalğası təcrübəli Konteni planlarını yenidən qurmağa məcbur edib və bu, oyun keyfiyyətinə açıq şəkildə təsir göstərir. “Qarabağ” üçün bu qarşılaşma həm fürsət, həm də ciddi sınaqdır. Çünki rəqibin zəif nöqtələri var. İstənilən halda evdə oynayan “Napoli” hələ də təhlükəli komandadır.

“Qarabağ”a çətin Neapol səfərində xal(lar) qazanmaq vacibdir. 4 turdan sonra 7 xal toplayan və son turda “Çelsi” kimi nəhənglə başabaş mübarizə aparan Ağdam klubu növbəti mərhələdən elə də uzaq deyil. Bu yolda qazanılacaq hər xal isə məqsədə doğru atılan inamlı addımdır. Xüsusilə rəqib səndən daha az – 4 xal toplayan və bu mövsüm Çempionlar Liqasında işləri yaxşı getməyən “Napoli”dirsə…

Turqay


Paylaş: