Nyukasl"ın yeni hədəfi
İngiltərənin "Nyukasl" klubu yayda "Sportinq"in (Portuqaliya) müdafiəçisi Usman Diomandeni heyətinə qatmağı planlaşdırır.
Sportlife.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" 22 yaşlı futbolçunu arxa xətti gücləndirmək üçün əsas hədəf seçib.
Portuqaliya mətbuatının məlumatına görə, mərkəz müdafiəçisinin transferində "Kristal Pelas" da maraqlıdır və hər iki klub oyunçunu diqqətlə izləyir. Müdafiə xəttində problem yaşayan Eddi Haunun komandası bu keçidlə mövcud çatışmazlığı aradan qaldırmaq niyyətindədir.
Yanvarda Lissabon təmsilçisi ilə müqavilə müddətini 2030-cu ilə qədər yeniləyən Usman Diomandenin sözləşməsində 70 milyon funt-sterlinqlik sərbəstqalma bəndi var. Lakin klub rəhbərliyi ilə futbolçu arasında əldə olunan razılaşmaya əsasən, yayda 35-43 milyon funt-sterlinq civarında rəsmi təklif gələrsə, transferə icazə veriləcək.