Qremio Barselonanı FİFA-ya şikayət etdi
Braziliyanın "Qremio" klubu "Barselona"nı FİFA-ya şikayət edib. Sportlife.az xəbər verir ki, buna səbəb kimi "katolon klubu"nun manipulyasiya etməsi göstərilib.
Bir müddət əvvəl "Barselona"nın rəsmiləri "Qremio"nun üzvü Artur Enrike ilə görüşüb, transferi üçün danışıqlar aparıb. Bu görüşdən 21 yaşlı yarımmüdafiəçinin "Barselona" formalı fotosu sosial şəbəkələrdə paylaşılıb. Braziliya klubunun etiraz etdiyi məqam da məhz budu.
Klubdan yayımlanan açıqlamada transferə mane olmaq fikirlərinin olmadığı, ancaq "Barselona"nın gənc futbolçunu təsiri altına salmağa çalışdığı bildirilib: "Artur hələ də bizim futbolçumuzdu. Şəkil onun günahı deyil. "Barselona" ilə görüşür və "Qremio" bu transferə mane olmayacaq. Ancaq "Barselona" futbolçunu bu tərzdə təsiri altına salaraq problem yaradır. "Barselona"nı manipulyasiya etdiyinə görə FİFA-ya şikayət etdik".
Xatırladaq ki, "Qremio" bir müddət əvvəl Arturun müqaviləsini uzadıb. Yeni müqaviləyə 50 milyon avroluq sərbəst qalma maddəsi əlavə olunub.