Elvin Camalov: "Neftçi"də olmaq həm də məsuliyyətdir"
"Əlbəttə, “Neftçi” kimi tarixi zəngin klubda olmaq çox böyük hissdir. Təbii ki, çox həyəcanlıdır. Ümid edirəm ki, bu həyəcanı yenib, komanda üçün faydalı olacağam".
Sportlife.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Elvin Camalov klubun rəsmi saytına açıqlamasında deyib.
Yarımmüdafiəçi "ağ-qaralar"ın daha yaxşı yerlərdə olacağına inandığını bildirib: "Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq istəyirəm".
O "Neftçi"yə keçdiyi üçün sevincli olduğunu vurğulayıb: "Burada olmaq həm də böyük məsuliyyət tələb edir. Çünki "Neftçi"də azarkeşlərin istəyi, gözləntisi daim yuxarılardır. Mən də buradan azarkeşlərimizə söyləmək istəyirəm ki, dəstəklərini əsirgəməsinlər. İnanıram ki, azarkeşlərimiz “Neftçi”ni sevdiyi, hər bir futbolçuya qiymət verdiyi kimi, mənə də dəstəklərini davam etdirəcəklər. Çünki “Neftçi” camiədir və burada uğura birlikdə nail olacağıq".
Camalov paytaxt klubundakı hədəfini də açıqlayıb: "Hədəfimiz çempionatda oyundan-oyuna 3 xal qazanıb, turnir cədvəlində daha yuxarıya qalxmaq və avrokuboklara vəsiqə üçün daha yaxın yol olan kubokda qalib gəlməkdir. Ümid edirəm ki, azarkeşləri yaxşı oyunumla sevindirərəm”.
Qeyd edək ki, Elvin Camalov "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb. Onun son klubu "Sabah" olub.