Juninyo "Qarabağ"ı xatırladı
“Qarabağ”ın sabiq futbolçusu Juninyo yeni komandası UNAM-da uğurlu çıxışını davam etdirir.
Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu Meksika çempionatında keçirdiyi ilk 5 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Juninyo son olaraq V turda “Atlas”la səfər qarşılaşmasında (2:2) 1 qol, 1 assistlə komandasının qəhrəmanına çevrilib. 29 yaşlı oyunçu bununla bağlı Meksika mətbuatına fikirlərini bildirib.
O, UNAM-dakı performansını “Qarabağ”dakı günləri ilə müqayisə edib: “Bir qol və bir məhsuldar ötürmə ilə komandama kömək etdiyim üçün çox xoşbəxtəm. Təəssüf ki, sonda qələbəni əldən verdik. Amma bunun bir daha təkrarlanmaması üçün dərs çıxarmalıyıq. Meksikada hər gün özümü daha yaxşı hiss edirəm, uyğunlaşma prosesi sürətli keçir. Özümü Azərbaycandakı kimi rahat hiss edirəm. “Qarabağ”da necə idisə, UNAM-da da komanda yoldaşlarımla artıq yüksək səviyyədə anlaşma yaranır. İndi əsas məsələ qol vurmağa və komandamın hədəfə çatmasına kömək etmək üçün çalışmağa davam etməkdir”.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər “Qarabağ”da çıxış edib. O, UNAM-a bu ilin əvvəlində Braziliyanın “Flamenqo” klubundan keçib.