AFFA-nın islahatçı imicinə vurulan zərbə

  • 10 Aprel 2025, 12:52

AFFA-nın yeni rəhbərliyi iş başına gələndə cəmiyyətin gözləntisi belə idi: köhnə dövrün səhvlərindən dərs çıxarılacaq və yeni, şəffaf bir yol xəritəsi cızılacaq. Amma görünən odur ki, bu yol hələ də keçmişin kölgəsindən tam azad deyil.

UEFA-nın Belqraddakı Konqresindən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayevin Parisdə – FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədovla görüşməsi və bu görüşün AFFA-nın rəsmi saytında xüsusi təqdim olunması ciddi suallar doğurdu. Çünki Elxan Məmmədov Azərbaycan futbol ictimaiyyəti üçün uzun illərdir persona non grata – yəni arzuolunmaz şəxs hesab olunur.

Bu görüşü zəruri edən nə idi? Beynəlxalq diplomatik zərurət, yoxsa daxili siyasi iradənin qeyri-müəyyənliyi?

Aydındır ki, Elxan Məmmədovun hazırda FIFA daxilində müəyyən təsir imkanları var. Bu, AFFA rəhbərliyi üçün beynəlxalq əlaqələrin qurulması baxımından praktiki bir fürsət kimi görünə bilər. Lakin bu “fəaliyyət” daxili ictimai etimadın sarsılması bahasına başa gəlirsə, bu görüş barədə dərindən düşünülməli idi...

AFFA-nın yeni rəhbərliyindən gözləntilər Elxan Məmmədovun idarəetmə modelindən qəti şəkildə uzaqlaşmaq idi. Lakin Məmmədovun fotosu illər sonra AFFA-nın rəsmi saytında yer aldı. Bu vizual jestin verdiyi mesaj olduqca qaranlıqdır. Federasiyanın yeni rəhbərliyi bu fotolar vasitəsilə cəmiyyətə nə demək istəyir?

Əgər onlar əvvəlki dövrün idarəçiləri ilə prinsipial mübarizə aparacağını bəyan etmişdisə, bu cür addımlar ya həmin prioritetlərin dəyişdiyini göstərir, ya da rəhbərliyin hələ də öz mövqeyini müəyyən edə bilmədiyini.

Fərəcullayev bu görüşdən nə qazandı? Əgər məqsəd sadəcə “fəallıq göstərmək” idisə, bu fəallıq məhsuldarlıq yox, çaşqınlıq doğurdu. Xüsusilə də simvolik yükü bu qədər mübahisəli olan bir fiqurla keçirilirsə...

Bu görüş AFFA-nın “islahatçı imici” üçün bir test idi. Onun nəticəsi isə hələ ki, açıq qalır: Bu görüş ya konkret nəticələrlə izah olunacaq, ya da AFFA-nın növbəti addımları bu ziddiyyəti daha da dərinləşdirəcək.

Elxan Məmmədovun fotosunun AFFA-nın saytında yenidən görünməsi sıradan bir hadisə deyil. Bu, Azərbaycan futbolunda hələ də dəyişməyən güc balansının, köhnə idarəetmə vərdişlərinin simvolik qayıdışıdır və bu qayıdış AFFA-nın yeni rəhbərliyinin “təhlükəli ilk rəsmi səhvi” kimi tarixə düşə bilər.

Mirələm HƏSƏNLİ 


Paylaş: