"Neftçi"ni bölən xətlər
"Neftçi" yeni baş məşqçi axtarışındadır. Azarkeşlərin beynində dolaşan sual isə dəyişmir: Bu dəfə necə olacaq?
Bizim suallar isə başqadır: Bu dəfə kimin namizədi önə çıxarılacaq? Komandaya daha çox hansı menecerin futbolçuları gətiriləcək? Bu dəfə kimin növbəsidir?
"Neftçi"də hazırda 2 menecer çalışır - Zaur Əzizov və Kamil Məmmədov. Klubda 2 menecerin olması problem deyil, problem onların klub daxilində 2 fərqli sistem yaratmasıdır. 2 komanda, 2 maraq qrupu, 2 transfer xətti… və nəticədə tam xaos.
Klubda baş məşqçi seçimi uğrunda savaş gedir. “Bu dəfə kimin növbəsidir?” sualı təsadüfi deyil. Bu klubda illərdir qərar mexanizmi belə işləyir. Hərənin “öz futbolçusu”, “öz dairəsi”, “öz planı” var. Vahid plan yoxdur. Elə buna görə də hər mövsüm eyni fəlakətin üzərinə yeni fəlakət əlavə olunur.
"Neftçi"nin gələcəyini düşünən, məsuliyyətini dərk edən yoxdur. Çünki burada klubun mənafeyi deyil, şəxsi ambisiyalar dövr edir. Belə mühitdə nə inkişaf olar, nə də nəticə.
İndi başa düşürsünüz, "Neftçi"nin əsas problemi nədir? Klubda hər iki tərəfin öz futbolçuları var. Bu tərəflər arasında Zaur və Kamil üzdə görünən fiqurlardır. Hədəflər ayrıdır. Hərənin öz dəstəsi, öz məqsədləri var.
“Neftçi”nin taleyini düşünən tək tərəf var — azarkeşlər. Qalanlarının marağı növbəti transfer pəncərəsidir.
Mirələm HƏSƏNLİ