"Vaxt gələcək, mən AFFA rəhbərliyində təmsil olunacam" - Ceyhun Sultanovla GENİŞ MÜSAHİBƏ

"Vaxt gələcək, mən AFFA rəhbərliyində təmsil olunacam" - Ceyhun Sultanovla GENİŞ MÜSAHİBƏ

  • 22 Fevral 2023, 16:00

Azərbaycan millisinin sabiq futbolçusu, menecer Ceyhun Sultanov Sportlife.az-a müsahibə verib.

43 yaşlı mütəxəssis saytımıza müsahibəsində futbolçu karyerasının son illəri, karyerasını menecer olaraq davam etdirməsi, “Sumqayıt”, "Neftçi", "Keşlə" klublarında çalışdığı dönəmdən söz açıb, AFFA və milli komandanın son durumunu dəyərləndirib, gələcəklə bağlı planlarından bəhs edib...

Geniş müsahibəni təqdim edirik:

- Söhbətimizə keçmişdən gələcəyə, futbolçu karyeranızın  son illərində məktəb yoldaşınız Kamran Quliyevin prezidenti olduğu “Sumqayıt” klubuna keçdiyiniz illərdən başlamağı təklif edirəm. Kamran Quliyevlə ilk işbirliyiniz necə alınmışdı?

- Bəli, Kamran Quliyevlə eyni məktəbdə oxuduğumuza görə, əvvəldən münasibətimiz va idi. 2012-ci ildə məni öz komandasında görmək istədiyini bildirdi. Sözün açığı, Kamrana görə təklifi qəbul eləmişdim. 6 aydan sonra “Qəbələ”dən təklif gəldi və mən Kamran Quliyevdən xahiş elədim ki, məni buraxsınlar. “Qəbələ”də 6 ay oynadıqdan sonra böyük zədə aldım. Bu zədə də mənim futbol karyeramı bitirməyimə səbəb oldu.

- Bundan sonra yenidən “Sumqayıt”a, bu dəfə baş menecer kimi qayıtdınız...

- Bəli, bir müddət sonra Kamran Quliyev məni  “Sumqayıt”da birlikdə işləməyə dəvət elədi. Sözün açığı, mən onda çox şeyi bilmirdim. Ancaq yavaş-yavaş işi öyrənməyə başladım və  bir neçə ildən sonra hər şey öz yerinə oturdu.

-  Konkret olaraq “Sumqayıt”da baş menecer hansı işləri görürdü?

- Baş menecer transferlərlə bağlı işləri görürdü. Sözün açığı, mənim orda vəzifəm baş menecer olsa da, əslində, mən idman direktorunun işini icra edirdim. Orda işlədiyim dönəmlərdə mən özümü daha da yuxarılara hazırlayırdım. Bilirdim ki, bu qabiliyyətim var və mən bunu bacararam. Çünki futbol karyeramı bitirdikdən sonra özümü məşqçi kimi yox, funksioner kimi görürdüm. İndi də məşqçi olmaq barədə düşünmürəm. Belə bir fikrim olsaydı, mən çoxdan işləyirdim. Artıq düşünürəm ki, idarəçilik sahəsində yetərincə təcrübəm var.

 

“Siz futbolçulardan soruşun ki, Ceyhun Sultanov “Sumqayıt”a gələndən sonra futbolçular artıq maaş ala bilərdilər?”

 

- Həmin dövrdə “Sumqayıt” legioner futbolçu transfer edə bilmirdi. Klub yerli futbolçulardan əlavə İran, Türkiyə, Rusiya, Ukraynadan Azərbaycan bağlılığı olan futbolçulara milli pasport verərək ölkəmizə gətirirdi. Zaman-zaman bu futbolçuların yüksək və şişirdilmiş maaşlarla komandaya cəlb  olunması ilə bağlı məlumatlar yayılırdı. Həmin dövrdə transfer işlərinə nəzarət edən şəxs kimi məsələyə aydınlıq gətirməyinizi istəyərdik...

- Orda hər mövsümün əvvəlində büdcə ayrılırdı ki, bu rəqəmlərə uyğun komanda formalaşdırmaq lazımdır. Həmin büdcəni keçməmək şərti ilə biz futbolçu axtarırdıq. Məni maraqlandırmırdı ki, orda bir futbolçu 3 min alır, o biri 5 min. Mənə lazım idi ki, 22-25 futbolçu qarşıma qoyulan büdcəyə sığışdırılsın. Mən sırf bunun üzərində işləyirdim. Heç kim deyə bilməz ki,  Pərdis Fərcad-Azad 6-7 mindən çox maaş alırdı. Çünki mən onu eləsəydim büdcədən çıxa bilərdim. Əgər ondan artıq olacaqdısa, götürməyəcəkdik.

 

- Həmin futbolçular verilən maaşlara uyğun futbolçular idimi?  

 

  - Siz futbolçulardan soruşun ki, Ceyhun Sultanov “Sumqayıt”a gələndən sonra futbolçular artıq maaş ala bilərdilər? Mən ən az maaşla başlayıb maksimumda dayanırdım. Çünki mən hər bir futbolçunun qiymətini bilirəm. Mən Pərdisə 150 min verən deyildim ki. Onun qiyməti maksimum 6-7 min idi, ondan da yuxarı ala bilməzdi. İstər yerli, istər xarici, hansı futbolçunu göstərə bilərsiniz ki, 10 min maaş alırdı?

 

- Yəni deyirsiniz ki, bu məlumatlar yanlışdır...

- Əlbəttə. Kökündən yanlışdı. Çünki mənim qarşıma müəyyən büdcə qoyulurdu. Məsələn, 63 min maaş büdcəsi. Mən ondan yuxarı çıxa bilməzdim və 25 futbolçu götürməli idim. Buna görə də mən orda heç bir futbolçuya artıq maaş yaza bilməzdim.  Mənim dövrümdəki futbolçulardan da soruşa bilərsiniz. Hamısı deyirdilər ki, Ceyhun müəllim, sən futbolçuların qiymətini salırsan aşağı. Ancaq mən məcbur idim onu eləməyə. Belə etməsəydim, komanda qura bilməzdim.

 

- Bəs onları aşağı maaşla necə cəlb edə bilirdiniz komandaya?

Mən futbolçunu bəyənirdimsə, büdcəmə uyğun olurdusa, deyirdim ki, mən bu futbolçunu götürmək istəyərəm. Mənə heç kim deyə bilməzdi ki, Ceyhun, bu futbolçuya 150 min maaş ver. Çünki bizim işlədiyimiz dönəmdə büdcəni çıxmaq şərti yox idi. Biz komandanı elə qurmuşduq ki, nə yerlilər, nə də gəlmələr bir-birindən üstün ola bilməzdi.

- Həmin transfer büdcəsinə siz nəzarət edirdiniz “Sumqayıt”da?

- Bəli. Klub prezidenti həmin büdcəni mənə açıqlayırdı və ona uyğun komanda formalaşdırmalı olduğumuzu bildirirdi. Eynilə “Neftçi”də də mənə bir büdcə təqdim olunmuşdu və bu məbləğə uyğun futbolçular gətirməli idim. O deyirlər e, “Neftçi”yə 5 minlik futbolçuları 15 minə gətirdilər. Bunların hamısı boş söhbətdir. Müqavilələrini görə bilərsiniz. Həmin futbolçuları “Neftçi”yə əvvəlki klubunda aldığı maaşların 2 min artığına gətirirdim. 

 

“Neftçi”də işləyirsənsə, hamı sənə qarşı olacaq”

 

- Səhv etmirəmsə, Braliçin daha yüksək maaşla “Neftçi”də oynadığı danışılırdı...

 

- Düzdü, Braliç başqa klublara da təklif olunmuşdu. Ancaq mən sizə deyim ki, Braliçin aldığı maaş Mbodjun aldığı maaşdan da az idi. Əfsuslar olsun ki, həmin müqavilələri göstərməyə icazə vermirlər, gizli saxlanılır. Mənim dönəmimdə “Neftçi”də maksimum maaş alan futbolçum Dabo olub. Ondan başqa yüksək maaş alan olmayıb.

 

 - Bu məlumatları kimlər və nəyə görə sızdırırdı ictimaiyyətə?  

- “Neftçi”də işləyirsənsə, hamı sənə qarşı olacaq. Bu, normaldır. Mən orda işləyəndə hamının mənə aqressiyası var idi. İndi işləmirəm, hamı ilə münasibətlərim yaxşıdı. Bilmirəm, bu, nədən irəli gəlirdi. Bəlkə kluba görə, yaxud da başqa səbəblərə görə idi. Normal qarşılayırdım, amma iş işdir. Orda heç bir şişirdilmiş məbləğlərdən söhbət gedə bilməz. Bütün müqavilə sənədləri klubdadı. Mən açıq deyirəm ki, bizdə ən yüksək maaşı Dabo alıb.

 

- Deyirsiniz ki, “Neftçi”də maaşlar yüksək olmayıb. Bəs həmin büdcə çempionluğa oynayan komandaya uyğun  gəlirdimi?

 

- İndi “Neftçi”nin mən işlədiyim dövrlə müqayisədə bəlkə də 2 dəfə artıq büdcəsi var. Amma yenə də azdır. Əgər sən bu gün çempion olmaq istəyirsənsə, büdcən “Qarabağ”ı üstələməlidi. Komandaya daha keyfiyyətli futbolçular gəlməlidi. Mən Buqrini, Lavalı, Kaneni gətirəndə mənə büdcə qoyulmuşdu ki, 3 transfer edəcəksən, məbləğ budur. Mən ona uyğun futbolçular gətirmişdim. Mənim qarşıma çempionluq hədəfi qoyulsaydı, mən onda rəhbərliyə deyərdim ki, bu büdcə ilə mümkün deyil, daha yüksəyi lazımdır.

 

“Onlara qalib gəldiyimiz oyunun səhərisi zəng elədilər ki, “Neftçi”yə gəlirsən”

 

 

- Kamran Quliyev “Neftçi”yə prezident təyin olunandan 3 gün sonra sizin təyinatınız açıqlandı...

- Kamran Quliyevin “Neftçi”yə təyinatı 1 gecənin içində olub. Mənim ora gedəcəyimdən xəbərim yox idi. Mən hələ “Sumqayıt”da idim. Həmin ərəfədə bizim “Neftçi” ilə oyunumuz var idi və biz onlara qalib gəlmişdik. Həmin oyunun səhərisi gün zəng elədilər ki, “Neftçi”yə gəlirsən. Mən də heçnə demədən, razılıq verdim. Çünki “Sumqayıt”da öz komandasına məni Quliyev götürmüşdü, “Neftçi”yə də bir yerdə işləməyə dəvət edirsə, getməli idim.

- Kamran Quliyevlə “Sumqayıt”da işlədiyiniz kimi “Neftçi”də işləyə bildinizmi?

- Eyni sistemlə işləyirdik. O mənim işimə qarışmırdı ki, bu futbolçu gəlməlidi, o futbolçunu gətirməliyik və s.

- Klubların büdcələri arasında fərq çox idi?

- Çox idi, bəli.

 

- “Neftçi”də qarşınıza hansı hədəf qoyulmuşdu?

- Qarşıma qoyulan büdcəyə baxıb, bildirdim ki, buna yaxşı komanda qurmaq olar. Ancaq çempionluq sözü vermədim. Azarkeşlərimizlə də görüşəndə demişdim ki, mən burda 2-ci yeri tutacam, 3-cü yer artıq fiasko olacaq. Eyni ilə işlədiyim dönəmdə elə oldu.  Ancaq 3 ildən sonra nəsə eləyə biləcəyimi bildirmişdim. Mən olmasam belə, həmin komanda çempion oldu.

 

“Komandadan ayrılma səbəbim “Qarabağ”a 0:6 hesabı ilə uduzmağımız olub”

 

- Niyə siz olmadınız?

- Komandadan ayrılma səbəbim “Qarabağ”a 0:6 hesabı ilə uduzmağımız olub. Bu məğlubiyyət olmasaydı, mən getməyəcəkdim “Neftçi”dən. Sadəcə olaraq, Kamran Quliyev baş məşqçini dəyişmək qərarına gəldi və mənə bir söz dedi ki, bu da öz aramızda olan məsələdi. Bundan sonra mən dedim ki, ya mən qalıb işləyirəm, ya da gedirəm. Təşəkkür edib, uğurlar arzulayıb getdim.

 

 

- Gözləyirdinizmi, istefanız qəbul olunmasın?

- Mən istefa ərizəsi yazmamışam. Səhər klub prezidenti ilə görüşüb, əlini sıxıb, uğurlar arzulayıb klubdan ayrıldım. Mən iş üçün alışıb-yanan adam deyiləm. Bu gün orda işləməsəm, başqa yerdə işləyəcəm, öz işimi quracam. Mənim bacarığım var, heç kimdən asılı deyiləm. İndiki dolanışığım “Neftçi”də işlədiyim dövrdəki dolanışığımdan da yaxşıdır. Sözümü də deyə bilirəm, özüm özümün ağasıyam. Mənə heç kim də söz deyə bilməz. Çünki mən heç kim üçün işləmirəm. Açıq demək istəyirəm ki, Kamran Quliyev məni işdən çıxarmayıb. Özündən də soruşa bilərsiniz.

 

- Quliyevin hansısa təklifi sizin xoşunuza gəlməyib deyə ayrılmaq qərarı vermisiz?

 

- Bəli, təklifi xoşuma gəlmədi və 2 il sonra Kamran Quliyevlə görüşdük. O bilmirdi ki, mən nəyə görə ayrılmışam. Mən izah etdim ki, nəyə görə getmişəm.

 

- Özündən asılı səbəb idimi?

- Mən ona səbəbi izah edəndə, o, bildirdi ki, mən sənə o məqsədlə deməmişəm.

 

- Aydındı, incimisiz sözündən...

 

- Bəli, inciklik kimi çıxmışdı. Ancaq sonradan görüşdük və normal şəkildə o, mənə dedi ki, mən sənə o məqsədlə deməmişdim, sən səhv başa düşmüsən.

 

“Pandemiya dönəmində hamının evdə olduğu vaxtlarda gizlin bazaya gedib, dönər yeyə-yeyə oyunçulara baxıb seçim edirdik”

 

- İsrar etməmişdimi, niyə gedirsən?

- Mənə heç kim israr edə bilməz. Mən qərarımı verdimsə, ikinci adam gəlib məni qərarımdan döndərə bilməz. Əgər orda mənə başqa iş də təklif etsəydilər, gedəcəkdim. Bu gün də ordan ayrılmağıma narahat deyiləm. Düzdü, ilk illərdə bu, bir qədər mənə pis gəlirdi. Çünki əziyyət çəkib o cür komanda formalaşdırmışdım. Açıq deyəcəm, pandemiya dönəmində hamının evdə olduğu vaxtlarda gizlin bazaya gedib, dönər yeyə-yeyə oyunçulara baxıb seçim edirdik. Bir müddət keçəndən sonra dedim normaldı, belə də olmalıdı. Bu gün də qərarıma görə təəssüflənmirəm, çünki  3-5 ildən sonra yenə də qayıdıb orada işləyə bilərəm. Ən əsası odur ki, mən işlədiyim dövrdə çalışdığım insanların hamısı mənə böyük hörmət bəsləyiblər. İnanın ki, mən klubdan ayrılanda gözündə yaş olan adam da görmüşəm.

 

- Füzuli Məmmədovun komandaya baş məşqçi təyin olunması çoxları tərəfindən düzgün addım kimi qiymətləndirilmirdi. Onun “Neftçi”də uğurlu olacağına inananlar çox az idi. Hansı səbəb sizin ona inanmağınıza gətirib çıxarmışdı?     

- Antalyadakı toplanışda vəziyyətin pis olduğunu görüb, klub rəhbərliyinə məlumat verdim ki, əgər belə getsə, biz enişə gedəcəyik. Nəsə eləməyə məcbur idik, çünki komanda oynamaq istəmirdi. Artıq Bordinin futbolçularla arasındakı bağlar qopmağa başlamışdı. Ona görə qərara gəldik ki, müvəqqəti olaraq Bordinin köməkçisi Füzuli Məmmədovu baş məşqçi təyin edək. Əslində, pis də başlamamışdıq, mövsümü ikinci yerdə başa vurduq. May ayı gəldi və normal getdiyimizə görə dedilər ki, yeni məşqçiyə ehtiyac yoxdu. Rəhbərliyin öz təklifi ilə Füzuli Məmmədovla yola davam edilməsinə qərar verildi. Əgər dəyişmək istəsəydilər, deyərdilər ki, yeni məşqçi axtarmaq lazımdır. Özlərinin razılığı ilə Füzuli Məmmədov baş məşqçi qaldı və müqaviləni artırdılar. Mənə desəydilər ki, biz başqa məşqçi istəyirik, mən də axtarıb başqa məşqçi gətirəcəkdim. Sonda Füzuli Məmmədovla 0:6 hesabı ilə “Qarabağ”a uduzduq və getməyə qərar verdik.

 

“Hamı bilirdi ki, Füzuli getsə, mən də gedəcəm”

 

- Siz bilirdiniz ki, Füzuli Məmmədov “Neftçi” yükünü qaldıra biləcək məşqçi deyil?

- Mən bunu bilirdim, amma ona bir şans idi. Füzuli təyin olunanda belə hamı bilirdi ki, arxasında mən varam. Hamı bilirdi ki, Füzuli getsə, mən də gedəcəm. Baxın, nə qədər məğlub olmuşuqsa, azarkeşlərlə görüşə mən getmişəm. Hər şeyə cavabdeh şəxs mən olmuşam. Müşahidə Şurasının iclaslarında hesabatları mən vermişəm. Hər yerdə özümü qabağa mən vermişəm. Mən bilə-bilə ki, yana bilərəm, ancaq onun arxasınca getmişəm. Çünki mən heç nədən çəkinməmişəm.  İşdə çəkindinsə, heç vaxt uğur qazana bilməzsən. İstənilən yükün altına girərəm, ancaq mən dediyim olsa. Yox, mənə gəlib desələr ki, gəl burdan maaş al, sakit otur. O mənə aid deyil. Elə olsaydı, 50 yerdə işləyərdim.

 

- “Neftçi”də sizdən əvvəl də, sizin dövrünüzdə də, sizdən sonra da bir çox futbolçular olub ki, müqavilələrinə vaxtında əvvəl xitam verilib. Bu cür halların baş verməsi nədən qaynaqlanırdı?

- Mənim vaxtımda 4 transferdə səhvim olub.

 

- Səhvinizi qəbul edirsiniz, deməli?

- Səhvim olub, əlbəttə. Səhvsiz insan olmur axı. Mən harda səhv eləyirəmsə, onu qəbul edirəm. Əgər qəbul eləməsəm, mən harda işləsəm belə, uğur qazana bilmərəm. Hər işdə özümü düz çıxardım, belə iş olmur.

 

- Prins İbarra “Neftçi”yə gəldikdən 3 ay sonra komandadan ayrıldı, müqaviləsinə xitam verildi... 

- Həmin dövrdə biz hücumçu axtarırdıq, amma tapa bilmirdik. Axırda məcburən “Berşot”dan Prins İbarranı aylıq maaşı 5 min dollara icarəyə götürdük. Onu da mən baş məşqçinin istəyi ilə götürmüşəm. Mən özümdən heç vaxt futbolçu götürməmişəm. İbaradan başqa hücumçu da var idi, baş məşqçi dedi ki, mən bunu istəyirəm.

 

- Həmin dövrdən İbarradan da başqa 4-5 futbolçu var idi ki, müqavilələrinə vaxtından əvvəl xitam verilmişdi...

 - Mənim dövrümdə Karkari və Braliç olub. Onlara da kompensasiya ödənilməyib. Karikarini azad buraxdıq, özü dedi getmək istəyirəm. Ona bir köpük də vermədik. Braliçə isə deyəsən az miqdarda kompensasiya verilmişdi. O da deyəsən, 1 ay verilib. 2 il 8 ay ərzində 2 futbolçunun müqaviləsinə xitam verirsənsə, bu normaldır.

 

- Ancaq sizin dövrünüzdə gələn, sizdən sonra müqaviləsinə xitam verilən futbolçular da var idi...

- Bu artıq məşqçinin və klubun istəyidir. Klub və ya məşqçi futbolçunu istəmirsə, razılaşıb göndərirlər. Səbəbi də odur ki, məşqçi daha yaxşısını istəyir və göndərilməsini tələb edir.

 

- İstəmədiyi futbolçuya əlavə kompensasiya da ödənilir axı. Bu, klubun büdcəsinə ziyan deyil?

- Kompensasiya kimi onun bütün maaşı verilmir ki.  1-2 ayın maaşı verilir, vəssalam. Mənim dönəmimdə maksimum 3 futbolçu ola bilər ki, 1 və ya 2 ayın kompensasiyasını vermişik gedib. Məndən sonra isə 15 futbolçu da gedə bilər. Mən öz dövrümə cavabdehəm.

 

“Mən nə qədər maaş almışamsa, onun 10 qatını kluba qaytarmışam”

 

- Bu yaxınlarda Patonun da müqaviləsinə xitam verildi. Halbuki onun transferinə 90 min avro xərclənmişdi...

- Hazırda “Neftçi”də idman direktoru Zaur Əziziovdur.  Böyük hörmətim var ona. Onun iş prinsipi başqa ola bilər, mənim başqa. Mənim dövrümdə heç bir futbolçunu pul verib almamışıq.  Ancaq mən gətirdiyim futbolçuların hamısı satılıb. Darionu 100 minə satdıq, sonradan pulsuz qaytardıq. Buqrin, Kane, Anton, Laval bunların hamısı satıldı. Qodsveyi də mən gətirmişdim, o da satıldı. Mən hansı futbolçularla işləmişəmsə, klub xeyir görüb. Mən nə qədər maaş almışamsa, onun 10 qatını kluba qaytarmışam. Mənə heç kim heç nə deyə bilməz. Artıqlaması ilə qaytarmışam, bəlkə də mənə borcları var.  

 

- Deyirsiniz ki, mənim dövrümdə heç bir futbolçunu pul verib almamışıq. Niyə yalnız azad agentlərlə işləyirdiniz ki?

- Büdcə olmalıdır da almaq üçün. Mənə vermirdilər axı o büdcəni. 7 minə Laval oynayırdı, 7 minə Buqrin oynayırdı, 5 minə Kane oynayırdı. Mənim ordan aldığım maaş olsun 2 il 8 ay ərzində 150-200 min manat arası. Mən 3 transferlə 5 il “Neftçi”də işlədiyimi qaytarmışam onlara.

 

- “Neftçi”dən ayrılanda klubun sponsorları, Müşahidə Şurasının üzvləri ilə danışıqlarınız olmadı?

- Məni kluba Kamran Quliyev gətirib. Mən bir yerdə işləyirəmsə, 1 nəfərə tabe oluram. Mən sponsor tanımıram. Əgər Kamran Quliyevlə işləməyə getmişdimsə, deməli onunla danışmalı idim. İstəyir ondan 5 dəfə yuxarı vəzifəli şəxs olsun, Kamran Quliyev varsa, mənə ikinci adam söz deyə bilməzdi. 

 

- Müşahidə Şurasının üzvləri ilə görüşləriniz olurdu, hesabatı kimə verirdiniz?

- Bəli, iclaslar olurdu, hesabat alınırdı. Mən hesabat verəndə Kamran Quliyev orda olurdu. Onsuz mən heç yerdə, heç kimə hesabat verməzdim.  

 

“Keşlə” elə bir yer idi ki, orda ancaq dedi-qodu idi”

 

- “Neftçi”dən ayrıldıqdan sonra bir müddət “Keşlə”də işlədiniz. Bu barədə danışaq bir az da...

- Zaur Axundov məni öz ofisinə dəvət elədi və dedi ki, istəyirəm mənimlə işləyəsən. “Neftçi”də necə işləyirdinsə, burda da o cür işləyəcəksən. Bir müddət keçəndən sonra gördüm ki, yox, bura “Neftçi” deyil, burda tam fərqli strukturdu. Açıq demək lazımdır ki, orda mən heç bir işlə məşğul olmurdum. İşimdən məmnun deyildim, ona görə həvəssiz idim. O komanda peşəkar yox, həvəskar komanda kimi idi. Mən orda 6 ay işləmişəm, onu da iş saymıram. Görürsünüz ki, indiyə qədər demirəm ki, mən “Keşlə”də işləmişəm. Adıma söz çıxardılar ki, Ceyhun Anatoli Abanqı gətirəndə futbolçudan pul alıb. Mən də onlara söz deyirəm ki, getsinlər Abanqa zəng eləsinlər, soruşsunlar ki, Ceyhuna pul vermisən? Və Ceyhun zamanında sənə nə qədər pul verib? Lazım olub benzinini də mən tökdürmüşəm, evində nəyi yoxdursa alıb göndərmişəm ki, problemi olmasın. “Keşlə” elə bir yer idi ki, orda ancaq dedi-qodu idi. Ora elə bir yer idi ki, orda idman direktoru oldu-olmadı xeyri yox idi. Orda hamı öz işini görürdü. Mən orda işləməyimi iş saymıram. “Keşlə”də işləməyim mənim üçün çox böyük bir səhv idi. Ona görə deyirəm ki, mən istədiyim, mənim tələblərimə uyğun bir yer olmasa, işləməyəcəm. Bu gün də bunu deyirəm, 5 il də işsiz qala bilərəm. Yoxsa, “Keşlə”dəki kimi oturum orda, mənə pul versinlər, yox, belə  istəmirəm.

 

- Kamran Quliyevlə yenidən işləyərsiz?

- Mən dəfələrlə mətbuata müsahibələrimdə də demişəm ki, bundan sonra Kamran Quliyevlə bir yerdə işləmərəm.

 

- Ancaq kənardan işləyə bilərsiz? 

- Kənardan nə işləyirik?

 

- Ordan ayrıldıqdan sonra da “Neftçi”yə futbolçu vermisiniz. Məsələn Qodsveyi siz gətirmişdiniz...

- Qodsveyi mən onunla işləmirəm ki. Klubun idman direktoru var. Mən hansısa klubla işləyirəmsə, idman direktorları ilə işləyirəm. Orda mən Zaurla işləyirəm. Oyunçuları Zaura təklif edirəm, bəyənərsə, oyunçu ilə danışıqları davam etdiririk.

 

“Mən kinli adam deyiləm, ancaq 5 il gözləyərəm və bir gün ona etdiyi hərəkəti xatırladaram”

 

- Quliyev oyunçularla bağlı sizə zəng eləmir?

- Bir dəfə mənə zəng edib dedi ki, mən səndən incimişəm. Orda biraz sözümüz çəp gəldi, sözün açığı. Mən dedim kim-kimdən inciməlidi hələ ona aydınlıq gətirmək lazımdı. Aydınlaşdırdıq, o da başa düşdü, mən də başa düşdüm. Yenə də deyirəm, bu gün mən Kamran Quliyevlə düşman olan deyiləm ki. Sabah Kamran Quliyev futbolda olmasa, mən yenə də futbolda olacam. Mən bu futbolun içindən çıxmışam. Kamran Quliyev orda ömürlük deyil, bir gün ordan gedəcək. Vəzifə ömürlük deyil. Mən kinli adam deyiləm, ancaq 5 il gözləyərəm və bir gün ona etdiyi hərəkəti xatırladaram.

 

- Quliyevlə münasibətlərinizdə yenə də soyuqluq var?

- Soyuqluq var deyəndə ki, ola bilər ki, nə vaxtsa zəng edər, nəsə soruşar, ya mən nəyəsə görə zəng edərəm. Ancaq əvvəlki kimi görüşmək, oturmaq və s. belə şeylər yoxdur.

 

- Bunun səbəbi adi bir sözdür?

- Səbəb yoxdur. O, “Neftçi”nin prezidentidir. Mən də...

 

- Özü sizə yaxın gəlmir?

- Yox, bu dəqiqə zəng eləsəm ki, gəl oturaq, gələr.

 

“Kamran Quliyevlə dost olmamışıq”

 

- Maraqlıdır ki, illərin dostluğu, əməkdaşlığı bir sözə görə necə pozula bilər?

- Yox, dost olmamışıq. Mənim nəzərimdə futbolda dost olmur. Bu sözü unudun. Futbolda yoldaşlıq var.

 

- İndi müstəqil şəkildə mencerlik edirsiz. Dolanışığınız burdan çıxır?

 

- Menecer deməzdim. Sadəcə lazım olan vaxtda klublarımız müraciət edəndə köməklik edirəm. Çünki əlaqələrim çoxdur. Mən sırf menecer olsam, yetərincə, istədiyim qədər pul qazanaram. Ancaq mən bu gün kiməsə yaxşı olsun deyə, nə deyirlər, deyirəm “OK”, nə deyirlər, deyirəm “yaxşı”. Ancaq agent elə eləmir. Bəli, mənim heç bir şikayətim yoxdur, dolanıram şükür Allaha.

 

“Mən iş karyeramda hörməti “Neftçi” adının hesabına qazanmışam”

 

- “Neftçi”də dəyişikliklər olsa, yenidən dəvət gəlsə, qayıdarsınız?

 

- Kim istəməz? “Neftçi” kimi komandada işləməmək ağılsızlıq olar. “Neftçi” brendir, “Neftçi” böyük klubdur, “Neftçi” futbolun Azərbaycandakı akademiyasıdı.  Sən bu akademiyanı bitirirsənsə, deməli sənə zaval yoxdur. Sizə açıq deyirəm ki, mən “Neftçi”də işləməsəydim, mən o işləri görə, öz əlaqələrimi gücləndirə bilməsəydim, mənə indi çox çətin olardı. “Neftçi” mənə böyük bir dərs verib. Hər yerdə, Avropada məni direktor kimi tanıyırlar.  Mən iş karyeramda hörməti “Neftçi” adının hesabına qazanmışam. Futbolçu kimi hörmətim var idi, “Neftçi” iş karyeramda mənə daha da böyük hörmət qazandırdı. Düzdü, məni istəməyən azarkeşlər var idi ki, 3:0 udduğumuz oyunda mənə istefa qışqırırdılar.  Sonradan həmin azarkeşlərlə süfrə arxasında oturanda dedilər ki, Ceyhun müəllim, sənə qarşı haqsızlıq eləmişik.

 

- Həmin dövrdə azarkeşlərdən çox mesajlar, zənglər alırdınız?

 - Mən belə şeyləri normal qarşılayıram, olmalıdır da. Əgər mən onlara cavab verməsəydim, olardım hörmətsiz adam. Mən onları sayıb görüşlərinə də gedirdim. Onlar da öz sözlərini deyirdilər, mən də deyirdim. Mən heç kimdən çəkinməmişəm, qorxmamışam. Nə vaxt lazım olubsa, görüşmüşəm onlarla.

 

“Sabah Kamran Quliyev kimisə vuracaq, kimisə söyəcəksə, burda mənim nə günahım?”

 

- Bu gün “Neftçi” azarkeşlərinin bir çoxu klubun uğursuzluqlarına görə Kamran Quliyevi günahkar bilir və onu istefaya səsləyirlər. Azarkeşlər Quliyevi yararsız transfer əməliyyatları etməkdə, dövlət büdcəsindən kluba ayrılan vəsaitin göyə sovurmaqda ittiham edirlər. Burdan özünüzə hər hansısa pay götürmürsüz ki?

 

- Niyə? Nə olsun ki, bir yerdə işləmişik. Sabah Kamran Quliyev kimisə vuracaq, kimisə söyəcəksə, burda mənim nə günahım? İndi mən transferlərdə yoxam ki. Mən indi də deyə bilərəm ki, mənim dövrümdə 1 manatdan belə söhbət gedə bilməzdi.

 

- Ola bilərmi ki, sizin nələrdənsə xəbəriniz olmayıb?

-  Mümkün deyil axı. Çünki mənim qarşıma qoyulan büdcə var idi və mən o büdcəyə uyğun futbolçular gətirirdim. Kamran Quliyev sadəcə qol çəkirdi. Ola bilər ki, ingilis dilini bildiyi üçün müqavilənin detallarını danışsın, ancaq mən futbolçunun qiymətini bilirdim, müqavilədə nə yazılırdı odu.

 

- Ancaq deyilənə görə, Kamran Quliyev futbolçularla özü də danışır...

 

- Özü danışır? İnanmıram. Mənim dövrümdə belə idi. Futbolçuların razılığı alınırdı, ondan sonra Kamran Quliyev keçirdi detalları danışmağa. Sadəcə müqavilə bağlayanda agentini çağırırdılar, danışırdılar. Mən o vaxt ingilis dilində bilmədiyimə görə, bu işləri özləri edirdilər. Bizdə baş menecer Qədir Həsənov var idi. Mən hara gedirdimsə, onunla gedirdim. O, ingilis dilini yaxşı bilirdi. Bütün ölkələrə mənimlə gedirdi, bütün danışıqlarda da o iştirak edirdi. Bütün danışıqlarda məndə 3-cü şəxs olub. Mən heç vaxt bir adamla təkbətək danışmamışam. Bu, mənim prinsipimdi.

 

“AFFA-da özlərinin bildikləri bir şey yoxdur, başqasından da nəsə soruşmağı özlərinə ar bilirlər”

 

- İşsiz qaldığınız müddət ərzində AFFA-dan sizinlə əlaqə saxlayan olub?

- İndiyə qədər AFFA-dan mənə 1 nəfər adam zəng etməyib. Çünki özlərinin bildikləri bir şey yoxdur, başqasından da nəsə soruşmağı özlərinə ar bilirlər. Mən bir şey bilməsəm, zəng edib soruşmağa utanmaram. Bunlar otururlar kabinetdə, kresloda elə bilirlər ki, futbol inkişaf edəcək. Elə deyil, bir şəxs səndən aşağı vəzifədə çalışa bilər, ancaq onun biliyə varsa, gərək ondan istifadə edəsən. Əfsuslar olsun ki, o bizdə yoxdur. Bizdə prinsip var.

 

- Bu, nəyin prinsipidir?

Mənə qarşı prinsip “Neftçi”də başladı. Bilirsiniz ki, məni 15 min manat cərimə eləmişdilər. 10 oyun cəza vermişdilər, sonra apelyasiyaya verib azaltdıq. 

 

- Sizi niyə cərimələşmişdilər? 

 - Səbəbini bilmirəm. “Sabah”la oyun idi. Daboya qırmızı verdilər, ara qarışıdı, orada kimlərsə qışqırdılar. Mən isə heçnə 1 dəfə də danışmamışdım. Səhər durub saytı açıb oxudum ki, Ceyhun Sultanov 15 min cərimələnib. Niyə, nəyə görə? Sübutunu gətirin ki, mən nəsə demişəm. Həmin adamı da gətirin çıxarın qarşıma. Sübutu yox idi.  İş verildi apelyasiyaya və gedib apelyasiyada oturdum, gördüm şəkillərimi stolun üstünə vurublar, elə bil mən cinayət işi törətmişəm. Sonra minnətlə mənim işimə baxdılar və işimi 5 oyun və 8 min cəriməyə saldılar. Yenə deyirəm, nəyə görə? Cavabı yoxdu. Özləri necə istəyirlər elə də edirlər. Bu gün də deyirəm, orda olan insanlar arasında yaxşılar da var. Yaxşılara yuxarıdan tapşırıq verənlər də var. 

 

“Küçədən keçən dost-aşnalarına millinin oyunları üçün dəvətnamə göndərib skayboksda əyləşdirməməlidirlər”

 

- Kamran Quliyev Elxan Məmmədovun ən yaxın adamlarından biri sayılır....

- Sayılırdı, sayılır...Bilmirəm.

- Ən azından həmin dövrdə elə idi. Çünki Kamran Quliyevi “Neftçi”yə prezident postuna Elxan Məmmədov gətirmişdi. Sizi də “Neftçi”yə Kamran Quliyev gətirmişdi. Hətta sizi də Elxan Məmmədovun adamı adlandırırdılar. Bu halda sizə qarşı niyə prinsip aparılsın ki?

- Mən Elxan Məmmədovun adamı olmamışam. Sadəcə olaraq biz bir-birimizə hörmət bəsləmişik. Onu deyim ki, Elxan Məmmədovun razılığı olmasaydı, mən nə “Sumqayıt”da işləyə bilərdim, nə də “Neftçi”də. Nə oldusa, “Neftçi”də işləyərkən oldu. Bilmirəm harda oldu, nə oldu, “Neftçi”də oldu. İndiyə qədər də mənə aydın deyil. Elxan Məmmədovla da 2 il bundan öncə görüşmüşdüm. Aydınlaşdırmaq üçün ona bildirdim ki, Elxan müəllim, mənimlə nə probleminiz var? O da mənə dedi ki, səninlə heç bir problemim yoxdur, ola da bilməz. Sən işləyəcəksən, sənin işin olacaq. Mən də ona dedim ki, mən bura iş üçün gəlməmişəm. Mənə qarşı nə probleminiz var, onu öyrənmək istəyirəm. Ordan çıxanda da dedim ki, ümid edirəm ki, bizim bu görüşümüz səmimi oldu. O, da bildirdi ki, 100% səmimi oldu. Ancaq mən o səmimiyyəti görmədim. Mən bu gün nə Sərxan Hacıyevdən çəkinirəm, nə də Elxan Məmmədovdan. Heç bir çəkinəcəyim də yoxdur. Futbolun içində olublar, idarə ediblər hörmət eləmişəm. Ancaq bu gün, yeri gəlsə, onlar mənə hörmət eləməlidilər. Bu gün onlar milli komandanın oyunları olanda dəvətnamə göndərməlidirlər. Daha küçədən keçən dost-aşnalarına dəvətnamə göndərib skayboksda əyləşdirməməlidirlər. Mənə hər oyun dəvətnamə göndərməlidilər. Çünki mən futbol oynamışam. Futbolçu olmasa, siz idarə edə, idarəçi ola bilməzsiniz. Birinci işçilərdi, sonra rəhbərlik.

 

- Belə başa düşdüm ki, Sərxan Hacıyevlə də münasibətləriniz yaxşı deyil?

 

- Sərxan Hacıyev ora gələndən bir dəfə zəng edib soruşub ki, Ceyhun necəsən? Bilmirəm niyə.

 

- Əvvəl münasibətiniz necə olub?

 

- Elxan Məmmədovun köməkçisi olanda normal münasibətimiz var idi. Elxan Məmmədov gedəndən sonra, heç bir münasibət qalmayıb. Mən belə başa düşürəm ki, o, Elxan Məmmədovdan çəkinib zəng də eləmir. Mən elə düşünürəm ki, qorxur. Yox, elə deyilsə, onda zəng edərdi də. O qədər adamlara zəng edir ki. Bu gün mənim işçilərim, hansılar ki, mən onlara rəhbərlik etmişəm, bilmədikləri şeyləri məndən soruşublar, onlar hamısı federasiyada işləyirlər. Əgər mənim işçilərim orda işləyirlərsə, mən kənarda qalmışamsa, deməli, burda nəsə var da. Özüm də bilmirəm ki, problem nədədir. Yeyinti varsa, gəlsinlər desinlər ki, Ceyhun Sultanov, sən yeyinti eləmisən. Əgər yeyinti eləmişəmsə, mənim nəyim varsa, hamısını keçirirəm sizin adınıza. Səbəb yoxdur, fakt yoxdur və özüm də bilmirəm ki, nəyə görə belədir. Məndən çəkinirlər. AFFA-da işləyən veteranlara kimi məndən çəkinirlər.

 

“Bizim futbol veteranları özlərindən başqa heç kimi düşünmürlər”

 

- Nədən çəkinirlər ki?

- Çünki mən çıxıb onların haqsızlıqlarını danışıram. Haqsızdılar. İndi də deyirəm ki, bizim futbol veteranları özlərindən başqa heç kimi düşünmürlər. Hansı futbol veteranı mənə zəng edib soruşublar ki, Ceyhun, necəsən? Ancaq mən “Neftçi”də işləyəndə zəng edirdilər ki, bizə buranın skayboksunu düzəltdirə bilərsən? Mənə “Neftçi”dən müavinət verdirə bilərsən? Həmin adamlarsınız da işləyirsiniz. İndi heç yada düşmürük. Ancaq zaman gələcək, mən AFFA rəhbərliyində təmsil olunacam. Söz deyirəm sizə, 1 il, 2 il, 3 il də keçsə, bu, olacaq.

 

“Necə ola bilər, Estoniya gedib Argentinayla oynayır, Azərbaycan isə Moldova ilə?”

 

- İddialı açıqlamadır...

 

- Mən iddialıyam, mən gələcəm. Heç nədən də çəkinmirəm, açıq da deyirəm.  Mən öz zamanımı gözləyirəm. Mən öz futbol savadıma inanıb bunu deyirəm. İndiki funksionerlərin hamısını futbolda susuz aparıb-susuz gətirərəm. Əgər siz bir milli komanda üçün Belarusiya, Moldova kimi ölkələrdən başqa rəqib tapa bilmirsinizsə, deməli, siz aciz adamlarsız. Siz acizsiz! Çünki sizi heç kim qəbul eləmir. Necə ola bilər, Estoniya gedib Argentina ilə oynayır, Azərbaycan gedib Moldova ilə oynayır.  Çünki insana süfrə arxasında hörmət eləmirlər, işini bilən adama hörmət edirlər. Mən niyə qorxmuram, heç nədən çəkinmirəm? Vaxt var idi ki, hamısı düşünürdü ki, Ceyhun “Neftçi”dən gedəndən sonra işsiz qalacaq və özü gəlib bizə yalvaracaq. Yadlarında saxlasınlar, Ceyhun elə aciz insan deyil ki, futbolda elə zəif adam deyil ki, gəlsin hansısa Sərxan Hacıyevə, Elxan Məmmədova yalvarsın ki, məni işə düzəldin. Məndə elə bir şey yoxdur. Vaxt gələcək Sərxan Hacıyev də gedəcək. Elxan Məmmədov artıq getdi. Allah yolunu açıq eləsin. Həmişə demişəm ki, azərbaycanlının başqa yerə getməyi bizim üçün uğurdu. Və Sərxan da gedəcək, o biri də gedəcək. Mən futbolun içində olacam. 3 il, 5 il geci-tezi var. Hamısı dəyişsə də, dəyişməsə də zaman gələcək. Bəlkə də Sərxan özü zəng edəcək ki, Ceyhun gəl, kömək elə.

 

- Çox iddialı danışırsınız. Bir vaxtlar AFFA azərbaycanlı futbolçuların xarici klublarda oynamasına şərait yaradırdı. Emin Mahmudov, Kamran Ağayev, Elnur Cəfərquliyev kimi futbolçular qısa da olsa bir müddət xarici klublarda oynadılar. Siz bunu bacararsız?

- İndi Musa Qurbanlını verin mənə, aparım Avropa klubuna. Verin mənə Ramil Şeydayevi aparım başqa kluba.

- Yəni hazır futbolçular olmalıdır. Perspektivli futbolçular heç kimə lazım deyil...

- Perspektivli Avropada nə qədər istəsəniz var. Bizdən yetişmiş, hazır futbolçular istəyirlər.

 

“Türkiyədə Cəlala baxandan 15 dəqiqə sonra dedilər ki, “Azərbaycanın ən yaxşı cavan futbolçusu budur?””

 

- Məsələn, bir vaxtlar “Benfika”nın radarına düşən Cəlal Hüseynovu xarici klublardan birinə aparmaq olmaz?

- Antalyaya Cəlala baxsın deyə agent gətirmişdim, 15 dəqiqədən sonra mənə deyir ki, “This is the best player in Azerbaijan?” yəni Azərbaycanın ən yaxşı cavan futbolçusu budur?

- Musadan başqa hansı yerli oyunçularımıza maraq var?

- Ola bilər ki, Elvin Cəfərov, Toral Bayramlı, başqa yoxdur. Başqa hansı futbolçunu deyə bilərsiz ki, onu Azərbaycandan çıxarmaq olsun? Onlar gərək avrokuboklarda, milli komandada oynasınlar. Sıradan oyunçuları ən yaxşı halda Litvaya göndərə bilərsən. Orda oynamaqdansa, Azərbaycanda oynayırlar da. Mən Litvada, Latviyada oynayan futbolçulara legioner həyatı yaşayır demirəm. Oraların çempionatı bizim liqadan da aşağıdır. Bizə lazımdır ki, bizdən yuxarı liqalara futbolçu göndərək.

 

“Ona sual verdim ki, mən evdə olmasaydım, ailəm, uşaqlarım evdə tək olsaydı, necə olacaqdı?”

 

 - “Neftçi”də işlədiyiniz dövrdə evinizdən oğurluq edilmişdi. Bu hadisənin nə ilə əlaqəsi ola bilərdi? Ola bilərmi ki, “Neftçi”dən ayrılmağınıza bu hadisə də təsir etsin? Kimliyi bəlli oldu oğurluq edənin?

-  Bəli. Ona görə rahatam. Görüşdüm, məhkəməsində də oldum. Anası bizə gəldi. Şikayətimi də geri götürdüm. Nə aparıbsa, halal elədim. Anasının göz yaşlarına görə, hər şeyimi keçdim ona. 

- Sıradan və təsadüfi hadisə idi o?

- Bəli. Sıradan və təsadüfi hadisə idi. 2 evi birdən aparmışdılar.

- Həmin dövrdə düşünürdüz ki, bu nə iləsə əlaqədar ola bilər?

 - Ən qorxduğum şey o idi ki, birdən tanıdığım adam olar. Onu görəndən sonra, ona sual verdim ki, mən evdə olmasaydım, ailəm, uşaqlarım evdə tək olsaydı, necə olacaqdı? Dedi onda mən heç o evə girməzdim. Mən cavabımı aldım orda. Anası gəldi bizə. Yaxşı da qarşıladım. Anasına dedim ki, gedək natariusa, mən sənə kağız verirəm, mənim sənin oğlundan heç bir şikayətim yoxdu. Nə vaxtsa, çıxar, gəlib deyər ki, üzr istəyirəm, o, elə bil mənim pulumu qaytarıb.

 

“AFFA bir addım qabağa atmaq istəyir, iki addım geri gedir”

 

- Azərbaycan futbolunun inkişaf etməsi üçün nə baş verməlidir?

- AFFA bacardığı qədər cavan, işinibilən insanlara inanmalıdır. İnanmayacaqlarsa, vaxtından da tez özləri gedəcəklər. Çünki bir addım qabağa atmaq istəyirlər, iki addım geri gedirlər. Bunu ona görə deyirəm ki, gənc təfəkkürü yaşlı təfəkküründən fərqlənir. Çünki gənclər informasiyaları daha tez qəbul edirlər, enerjilidirlər. Yaşlılar isə sadəcə özlərini fikirləşirlər. Bu gün mənim işim olsun, heç kim mənə heçnə eləməsin. Görürsünüz, cavanlar danışır. Niyə danışırlar?  Danışırlar ki, desinlər ki, işləyə bilərəm də, mənə niyə iş vermirsiniz? Baxın, burdan deyirəm, mən AFFA-dan iş istəmirəm. Hansı kənarda qalan, işinibilən adam varsa, onları götürsünlər, iş versinlər. Mən öz işimi görürəm, mənim üçün heç bir problem yoxdur. Ancaq geci tezi mən AFFA-ya gələcəm.  

 

-  Hansı posta iddialısınız?

- Direktordan aşağı post olmayacaq. Ən aşağı vəzifəm milli komandanın direktorluğu olacaq. Bunu əminliklə deyirəm, direktorluqdan aşağı post olmayacaq.

 

- Milli komandanın son nəticələri nəyəsə ümid verir?

-  Bu günə ümid verir, sabaha yox. Bu günə ümid verir ki, 3 xal qazana bilərik. Məsələn, Estoniyanı uda bilərik. Sabah o deməkdir ki, Avropa çempionatına çıxmalıyıq, buna potensialımız var? Ancaq onu da deyim ki, milli komandamız əvvəlkindən daha yaxşıdır. Daha güclü, daha sürətli, fiziki baxımdan yaxşıdı. Sadəcə olaraq, düzgün yönəltmək və aşağıdan gələnləri qaldırmaq lazımdır.

 

“Çünki millidə Qurban Qurbanov olsaydı, onlar vaxtından əvvəl gedəcəkdilər”

  

- Canni de Byazinin Azərbaycan futbolunun inkişafına hansı müsbət təsiri ola bilər ?

- 3 il ərzində nəsə edə bilib? Qurban Qurbanov 1 il ərzində 2-ci yer tutdu da. Niyə çıxardılar? Buna şans verib dayaq durduqları kimi Qurban Qurbanova dayaq durardılar da, niyə durmadılar? Çünki orda Qurban Qurbanov olsaydı, onlar vaxtından əvvəl gedəcəkdilər.

...Mən danışıram, sabah deyəcəklər ki, bu niyə belə danışır? Mən heç kimdən çəkinmirəm. Açıq deyirəm, Sərxan özü gəlib mənimlə salamlaşmalıdı, yeri gələndə. O, gəlib deməlidir ki, Ceyhun, xahiş edirəm, bu oyuna gəl. 

 

- Qorxmursuz ki, burda dedikləriniz sizə gələcək işlərinizdə mənfi təsir edə bilər?

- Nəyisə səhv deyirəmsə, üzr istəyə bilərəm. Əgər doğru deyirəmsə, heç kimdən üzr istəyən deyiləm. Mən hər şeyi düzgün danışıram. Sərxan Hacıyev məndən futbolda üstündür? Yox.

 


Paylaş: