
"Zirə"nin qapıçısı: "Avrokuboklar zonasında qalmağa çalışacağıq"
"Zirə"nin qapıçısı Aydın Bayramovun SportLife.az saytına müsahibəsi
- Əvvəlcə “Qarabağ”la son turdakı oyun barədə fikirlərinizi bilmək istərdik...
- Maraqlı oyun alındı. Fərqli emosiyalar yaşadıq. Əsas odur, qələbə qazanıb azarkeşlərimizi sevindirdik.
- Komandanız fasiləyə 0:2 hesabı ilə məğlub yollandı. Fasilədə baş məşqçidən hansı təlimatları aldınız?
- Bəli, belə bir oyunda fasiləyə 0:2 geridə getmək ürəkaçan olmadı, amma özümüzə inanırdıq. Baş məşqçimiz də bizə güvəndiyini və çıxıb sona qədər döyüşməli olduğumuzu dedi. Biz də şükürlər olsun, üzərimizə düşəni 2-ci hissədə etdik.
- "Zirə"nin çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Bu haqda düşünmürük. Qarşıda uzun və ağır marafon var. Avrokuboklar zonasında qalmağa çalışacağıq.
- Tribunadan müşahidələrimizə əsasən deyə bilərik ki, azarkeşlər sizə çox güvənir...
- Sağ olsunlar, hər oyun yanımızda olub bizə dəstək olurlar. Mən də çalışıram ki, öz üzərimə düşəni edib onların güvənini doğruldum.
- Komanda son turlarda çox yaxşı təsir bağışlayır. Bunun xüsusi bir səbəbi varmı?
- Xeyr, sadəcə, hər oyuna köklənib, həftə ərzində yaxşı hazırlaşıb, maksimum konsentrasiya ilə oyunlarda var gücümüzü ortaya qoymağa çalışırıq.
- Növbəti matç Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qarşı olacaq. Bu oyundan gözləntiləriniz nələrdir?
- Bizi 2 ağır qarşılaşma gözləyir. Son oyunlarımız çox gərgin keçib. İnşallah, sona qədər vuruşacağıq.