
Elmar Baxşıyev: "Ona cavab vermək fikrində deyiləm"
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kipr "Omoniya"sı ilə ilk matçından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis futbolçu əvvəlcə oyunla bağlı fikirlərini bildirib.
- Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Ən yaxşısını etməyə çalışırıq.
- "Qəbələ"nin baş məşqçisi kimi "Omoniya" ilə oynamısınız...
- Tanıdığımız rəqibdir. Amma "Qəbələ" ilə oynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazım olan məlumatları komandaya vermişik.
- Sabah fərqli "Araz-Naxçıvan" görəcəyik?
- Rəqib baş məşqçi nə deyir, özü bilər. Ona cavab vermək fikrində deyiləm. Mən öz komandamın meydanda nə etmək istədiyi haqda danışa bilərəm. Oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən komandadır. İnanırıq ki, uğurlu nəticə qazanmaq mümkündür.
- "Aris"lə müqayisədə "Omoniya"nın hücumları daha kəsərlidir. Kiprdə ən çox qol vuran komandadır. Sabah cəzalı İqor Ribeyro olmayacaq. Müdafiə planında dəyişiklik olacaq? Bəxtiyar Həsənalızadə ilə tandemdə kim oynayacaq?
- Yaxşı analizlər aparırsınız. Bunu müsbət məqam kimi dəyərləndirirəm. Rəqibi incələyirsiniz. Amma bizim anlayışımızda ilk "11-lik" və ehtiyat qüvvə yoxdur. Sərəncamımda olanların hamısı oyuna hazırlaşırlar. Onlar meydançada hər şeylərini verməyə hazırdırlar. Kimlərin üzərində dayanacağıqsa, onlar da meydana çıxıb mübarizə aparacaqlar.
- Sistem dəyişikliyi edəcəksiniz?
- Hazırda bu fikirdə deyilik (gülür). Rəqibə görə sistemi dəyişmirik. Komanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq.
- "Omoniya" səddini keçsəniz, Liqa mərhələsinə ümid etmək olar?
- İndi elə mərhələdəyik ki, daha çox Liqa mərhələsini yox, sabahı düşünməliyik. Gəlin, pillə-pillə gedək. Qismətdə varsa, gedib ora çıxacağıq.
- Sabah Naxçıvanda oyun iri monitorda göstəriləcək...
- Stadiona gələnlər "12-ci oyunçu"ya çevrilir. "Aris"lə səfər matçı öncəsi sual verirdilər ki, Yunanıstanda dolu tribunalar qarşısında komanda necə oynayacaq? Futbolçularım da azarkeş ordusunu hiss etmək istəyirdilər. Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar, bizə inansınlar. Komanda olaraq onları sevindirməyə çalışacağıq.