Qara Qarayev: "Omoniya" təhlükəli komandadır"

  • Bu gün, 18:40

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayeev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kipr "Omoniya"sı ilə ilk matçından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, 32 yaşlı futbolçu əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- Yaxşı tonusdayıq. Ötən oyundakı qalibiyyət bizə daha çox yaxşı əhval-ruhiyyə verib. Sabahkı matça tam heyətlə hazırıq. Yaxşı rəqiblə oynayacağıq. "Omoniya" son vaxtlarda oynadığımız ən ciddi və təhlükəli rəqibdir. Bəzi oyunlarını təhlil etmişik. Dinamik və sürətli oynayan komandadır. Bütün fikrimiz sabahkı qarşılaşmaya yönəlib. Əlimizdən gələni edəcəyik ki, ev amilindən yararlanaq və qalib gələk. Hər kəsi oyuna dəvət edirəm. Bizə daha da vacib olan azarkeş dəstəyidir. "12-ci oyunçu" ilə sabah inamlı nəticə əldə edə bilərik.

- "Qarabağ"ın heyətində "Omoniya"ya qarşı oynamısınız. Həmin vaxtdakı komanda ilə indikini müqayissə etsək, hansı daha güclüdür?

- Aralarında ciddi fərq var. Yeni baş məşqçi "Omoniya"ya yeni fəlsəfə gətirib. Əsas komandaya akademiyadan oyunçular cəlb edib. "Qarabağ"la oynadığımız "Omoniya" ilə hazırkı komanda arasında əsas fərq odur ki, indi hücum xətti daha aktivdir və oyunçular bir-birini daha yaxşı başa düşür. 

- "Araz-Naxçıvan" "Aris"i keçərək sürpriz etdi. Bu, sizə motivasiya verir?

- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Klub olaraq hədəfimiz var. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Nə qədər alınıb-alınmayacağı oyun vaxtı görünəcək. Meydanda hər şeyi edəcəyik. Ona görə də hansı komanda ilə oynamağımızın fərqi yoxdur.

- "Qarabağ"ın avrokuboklarda mərhələ keçdiyi ilk illərdə orada oynamısınız. "Araz-Naxçıvan"da da bu istiqamətdə addımlar atılır. Bənzərlik hiss edirsiniz?

- Əlbəttə, komanda yoldaşlarımla danışanda 2008-2009-cu illəri xatırlayıram. 2014-cü ilə qədər bir mərhələ, növbəti il iki mərhələ keçmişik. Böyümək üçün zaman lazımdır. "Araz-Naxçıvan" olaraq Liqa mərhələsini istəsək də, bunun üçün böyük təcrübə və zaman lazımdır. "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq. Növbəti illərdə də daha yaxşı, daha inamlı addımlar ataraq Liqa mərhələsində oynamaq fürsəti əldə edə bilərik.


Paylaş: