
"Azərbaycana uduzsaq, təzyiq altında olacağıq"
Belarus millisinin baş məşqçisi Karlos Alos sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransında iştirak edib.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis əvvəlcə millimiz haqda danışıb:
“İki fərqli örtükdə oynamağın çətinliyi var. Bundan əvvəlki matç Tacikistana qarşı süni örtüklü meydançada, həm də isti havada keçirildi. Sabah isə təbii örtüklü meydanda və soyuq havada oynayacağıq. Martın 21-dən Azərbaycandayıq. Adaptasiya keçmişik, oyuna hazırıq. Tacikistan və Azərbaycanla oyun arasında müqayisə aparmaq istəməzdim. Tamamilə fərqli matçlar olacaq”.
– Bütün komanda oyuna hazırdı? Heyətlə bağlı problemlər, zədələr mövcuddur?
– Hamı hazırdır, problem və zədəlimiz yoxdur. Start heyəti ilə bağlı qərar verəcəyik.
– Azərbaycan millisi çətin vəziyyətdədir, inanılmaz təzyiq var. Son oyundakı məğlubiyyətin ardından mətbuat tərəfindən də təzyiq hiss edilir. Belarusda isə bu cür vəziyyət yoxdur. Demək olar ki, sizin psixoloji durumunuz daha yaxşıdır?
– Futbolda hər zaman təzyiq var. Sabah uduzsaq, təzyiq altında olacağıq. Azərbaycan yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Buradakı son matçda onlara uduzmuşuq. Sabahkı matç rahat olmayacaq. Son görüşdəki məğlubiyyət də komanda üçün motivasiya ola bilər. Meydana qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşü olduğunu nəzərə alaraq, nələrisə sınaqdan keçirmək fürsəti əldə edə biləcəyik.
– Fernandu Santuş tanınmış mütəxəssisdir. Polşa, Yunanıstan, Portuqaliya millilərində işləyib. Demək olar ki, onun bəlli oyun üslubu var və matça da buna uyğun hazırlıq keçmisiniz?
– Fernandu Santuş top-məşqçidir, böyük komandada çalışıb, ona hörmətim də böyükdür. “Portu”, “Benfika”, Portuqaliya kimi komandalara rəhbərlik edib. Amma oyun üslubları eyni deyil. Çünki şərtlər və oyunçular da fərqli olub. Biz sabahkı matçda qələbə qazanmaq istəyirik.