"Fiziki məhdudiyyət futbol oynamağa mane olmur" - MÜSAHİBƏ

  • 7 İyun 2024, 16:30

Amputant futbol üzrə Azərbaycan millisinin üzvü Fərhad Əyyubovun Sportlife.az-a müsahibəsini təqdim edirik:

Hazırda amputant komandamızda vəziyyət necədir?

- Əhval-ruhiyyə əladır. Keçən ilin oktyabr ayında ilk dəfə qatıldığımız Millətlər Liqasında uğurla çıxış etdik. Divizionu 2-ci pillədə tamamladıq. Biz orada Şotlandiyaya 5:1, Kosovoya 6:0, Albaniyaya 8:0 qalib gəldik. Təkcə Niderlanda uduzduq. Səbəbi də oldu ki, qapımıza ardıcıl penaltilər və komandamıza qırmızı vərəqə verildi. Ona görə məğlub olduq. 2-ci yerlə kifayətləndik. Ondan sonra da məşqlərimiz davam etdiririk. Hər şey yaxşıdır.

Qarşıdakı hədəflər nədir?

- Qarşıdakı hədəfimiz odur ki, amputant futbolunu inkişaf etdirək, bizim kimi əlil, qazi qardaşlarımızın reabilitasiyasında mühüm rol oynayaq. Bu növü peşəkar idman növü kimi inkişaf etdirib, bayrağımızı ölkə xaricində daima dalğlandırmaq istəyirik. Əsas məqsədlərimiz bunlardır.

Fiziki məhdudiyyət futbol oynamağınıza çətinlik törədir?

- Fiziki məhdudiyyət futbol oynamağa mane olmur. Sadəcə olaraq ilkin yanaşmada insanlar bir az tərəddüd edir. Amma onlar bizə qoşulandan sonra xüsusi dəstək göstəririk ki, bu növü sevsin, futbolla daha yaxşı məşğul olsunlar. Bir müddət sonra onların futbola yanaşması dəyişir. Bir az həvəs lazımdır. Qalan dəstəyi biz özümüz göstəririk.

Bu yaxınlarda amputant futbolçularımızdan biri akrobatik tullanışla qol vurmuşdu. Belə qolları vurmaq xüsusi bacarıq tələb edir?

- O, fantastik zərbə idi. Həmin görüntülər dünya səviyyəsində yayıldı. Dünya Amputant Futbol Federasiyası da həmin kadrları paylaşdı. Bütün bunlar bizim inkişafımıza təsir göstərir. Belə oyunçularımız çoxdur. Hətta Türkiyə toplanışında yoldaşıq görüşündə bizim gənc amputant futbolçumuz Hüseyn Hüseynov 10-a yaxın fantastik zərbə vurmuşdu. Belə oyunçularımız kifayət qədərdir. Bu həvəs, bu istək olduqdan sonra belə hadisələr çox işıqlanacaq.

Sizcə ölkəmizdə amputant futbol kifayət qədər məşhurdur? Deyilsə əgər, bunu necə populyar etmək olar?

- Ölkəmizdə amputant futbol hələ tam məşhur deyil. Amma daha da populyarlaşmağı üçün əlimizdən gələni edirik. Bunun üçün çalışırıq ki, ölkə xaricində kifayət qədər uğurlu nəticələr göstərək. Biz həm də media hesabına amputant futbolu məşhurlaşdıra bilərik.

Hansı əlilliyi olan şəxslər komandaya qoşulub futbol oynaya bilər?

- Bizdə əlilliyi olan şəxslərdən aşağı ətrafının biri məhdud şəxslər oyunçu, yuxarı ətraflarından biri olmayanlar isə qapıçı kimi fəaliyyət göstərir.

Amputant futbolun tarixi hansı hadisəyə dayanır?

- Amputant futbol artıq dünyada böyük vüsət alıb. Bu növ 2-ci Dünya Müharibəsindən sonra əlillərə dəstək məqsədilə yaradılıb. Daha sonra böyük inkişaf yolu keçib. Dünya Amputant Futbol Federasiyasına 65-dən çox ölkə qatılıb ki, onlardan biri də bizik. Onlar FIFA ilə birlikdə iş görürlər. Hətta 2022-cü ildə ilin ən yaxşı qolu mükafatını polşalı amputant futbolçu Martsin Oleksı qazandı. O, Rişarlison və Memfis Depayı qabaqladı və mükafata layiq görüldü.

Amputant futbolda qaydalar necədir?

- Hər hissəsi 25 dəqiqə olmaqla 2 hissədən ibarətdir. Hər hissədə hər məşqçi bir dəfə taymaut götürə bilər. Məşqçilər istənilən sayda dəyişiklik edə bilər. Stadionumuzun ölçülərinə gəlsək, uzunluq 60, en 40 metrdir. Qapının hündürlüyü 2.20 metr, uzunluğu isə 5 metrdir.

Amputant liqamız var?

- Xeyr. Hələ ki yoxdur. Çünki biz yeni yaranmışıq. “Neftçi”, “Qarabağ”, “Gəncə Kəpəz” və “Sumqayıt” amputant futbol klubları fəaliyyət göstərir. Amma liqamız hələ ki keçirilmir.

Daxili liqanın yaradılması üçün nə lazımdır?

- Bu ilin sentyabrından etibarən daxili çempionat planlaşdırırıq. Yeni oyunçular cəlb edib, növbəti illərdə klubların sayını artırmaq istəyirik. Qarşıda regionlarda kifayət qədər turnir nəzərdə tutmuşuq. Qazilərimizi, əlillərimizi yığıb bu növlə tanış etmək istəyirik. Bununla da, inanırıq ki, klublarımızın, dəstəkçilərimiz sayı artsın və amputant futbol Azərbaycanda daha da məşhurlaşsın.

 

Qulammirzə Səfərli


Paylaş: