
"Səbail"in futbolçusu: "İnyesta ilə oynamaq mükəmməl təcrübə idi"
“Səbail”in 31 yaşlı hücumçusu Ayub Masikanın Sportlife.az saytına müsahibəsini təqdim edirik:
"Səbail"də işlərin necə gedir?
- Hər şey yaxşıdır. Komanda formalaşmaqdadır. İşlər qaydasındadır. Biz daha da möhkəmlənirik. Zaman keçdikcə bir-birimizi daha yaxşı başa düşürük.
Bir neçə oyuna çıxsan da, hələ qol vura bilməmisən. Azarkeşləri qollarınla nə vaxt sevindirəcəksən?
- Mən hələ də liqaya və komandaya uyğunlaşmağa davam edirəm. Bir az da səbr edək. Bilirəm ki, azarkeşlərimizi sevindirəcəyəm. Öz keyfiyyətlərimə inanıram.
Hücumçular arasındakı rəqabət səni qorxutmur?
- Əslində biz sadəcə komanda deyilik, bir ailəyik. Rəqabət nə qədər çox olsa, yaxşıdır. Çünki mən mübarizə aparamağı, yarışmağı xoşlayıram.
"Səbail"in 2-ci yerdəki "Sumqayıt"la xal fərqi 5 xaldır. Bu mövüm komandanı hansı pillədə görürsən?
- Addım-addım irəliləməliyik. Biz daha yaxşı mövqe üçün iddialıyıq. Sonadək mübarizə aparacağıq.
Azərbaycanda hansı komandalarla oynamaq daha çətindir?
- Düşünürəm ki, komandaların yaxşı keyfiyyəti var. Eyni zamanda hərəsinin öz çətinliyi var.
Yaponiyada İnyesta ilə birlikdə oynamısan. Ondan çox şey öyrəndin?
- İnyesta ilə oynamaq mükəmməl təcrübə idi. Mənim ondan öyrəndiyim ən yaxşı şeylərdən biri məşqlərdə nizam-intizam və zəhmətkeşlikdir.
Keniya millisində işlərin necə gedir?
- Mən öz ölkəmi 10 ildən çoxur ki, təmsil edirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, mən Keniyanı təmsil etməyə davam edəcəyəm.
Qulammirzə Səfərli