"Reallığa qalsa, Azərbaycan klubu ÇL-də oynamamalıdır"
"Azərbaycan futbolunun reallığından danışsaq, klubumuz UEFA Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir. Lakin bizim hədəfimiz daim inkişaf etmək, irəliyə adımlamaq və uğur qazanmaqdan ibarətdir".
Sportlife.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis ildən-ilə güclərini artırmağa çalışdıqlarını bildirib: "Bizim arzumuz qitənin ən nüfuzlu klub turnirində bacardığımız qədər çox çıxış etmək və maksimum irəli getməkdir. Turnir cədvəlində bizə rəqib olan komandalarla oyunlardan zövq almağa çalışırıq. Nəticə qazana bilməsək belə, böyük komandalara qarşı öz cəsarətli çıxışlarımızla yadda qalmaq istəyirik. Builki nəticələrimizə görə çox sevinirik və özümüzə inam hissi artmaqdadır".
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.