Yankoviç: "Sabah öz oyunumuzu göstərəcəyik"
“Qarabağ”ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasında sabah İtaliyada “Napoli”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:
– “Napoli” yaxşı komandadır. Düşünürəm ki, maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu oyuna verməkdir. Böyük komandalarla oyunlarda hər nəticə ola bilər. Görək, sabah necə olacaq.
– Antonio Konte bildirib ki, Çempionlar Liqasında yüksək nəticələr əldə etmisiniz. Sabah da istədiyiniz nəticəni qazana biləcəksiniz?
– Bunun üçün çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz azarkeşləri önündə oynayır. Bizim də motivasiyamız var. 7 xalımız var və böyük komandalara qarşı oynaya bildiyimizi göstərmişik. Ümid edirəm ki, sabah da yüksək nəticə əldə edə bilərik
– Bir neçə il öncə “Napoli”yə qarşı oynamısınız. Sizcə, komanda o dönəmdən bu vaxta nə qədər dəyişib?
– Onlar İtaliya çempionudurlar, möhtəşəm oyunçuları var. Həmişə güclü kollektiv olublar. Bu gün müəyyən fərqlər var. Bir qədər öncə dediyim kimi, ambisiyamız var. Yaxşı oyun göstərmək istəyirik.